"Rusiyaya qarşı küskünlük, davakarlıq nümayiş etdirməməliyik" - Çıxış yolu var

19 May 2017 07:14

"Azərbaycan tərəfi Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə bağlı yaranmış vəziyyətdən çıxış yolunu bu məsələdə günahkar axtararaq səfirliyin, diaspor üzvlərinin əleyhinə savaş açmaq, daxili didişmələr, məsuliyyəti kiminsə üzərinə atmaqla tapmaq istəməkdənsə, hüququn yol verdiyi çərçivədə daha çox addımlar atmalıdır. Belə olarsa, Rusiyadakı azərbaycanlıların təşkilati fəaliyyətinin davamlılığını görəcəyik. Eyni zamanda Ədliyyə Nazirliyi, məhkəmə orqanlarının önündə aksiyalar, müxtəif ictimai tədbirlərin keçirilməsi və s. məsələlər də ciddi götür-qoy olunmalı, soyuqqanlılıqla hərəkət edilməlidir. Çünki elə qüvvələr var ki, bu prosesi daha da körükləyərək Rusiyada azərbaycanlılardan düşmən obrazı yarada, ölkəmiz üzərində hakimiyyəti ələ keçirmək üçün daha aktiv fəaliyyətə keçə bilərlər". 

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən mayın 15-də Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə münasibətində deyib.

Millət vəkilinin fikrincə, ÜAK-ın ləğv edilməsi ilə bağlı verilən məhkəmə qərarı ilə əlaqədar bir neçə mühüm məqamı bir-birindən ayırmaq lazımdır: "Əvvəla, bu addımı Rusiya dövlətinin və ya onun rəhbərinin yanaşması kimi təqdim eləmək çox qüsurlu olardı.

İkincisi, söhbət mahiyyətcə Rusiyada artıq ikinci, üçüncü nəsil olaraq yaşayan və özünün etnik-milli varlıqları ilə yanaşı, özlərinə doğma yer olaraq seçdikləri məmləkətdə fəaliyyətlərini, gələcəyini qurmağa çalışan insanlarımızın həyatı ilə bağlı verilən qərardan gedir. Yəni bu hüquqi verdikt nəticə etibarilə o insanları oradan qovub çıxarmır, varlıqlarını inkar etmir. Əksinə, onlar öz siyasi, ictimai hüquqları uğrunda daha çox səfərbər olmalıdırlar.

Üçüncüsü, bu məsələ ilə əlaqədar Azərbaycanda Rusiya əleyhinə köklənmiş qüvvələr bir qədər gücləndilər. Lakin hesab edirəm ki, buradan dərhal antirusiya cəbhəsinə yuvarlanmaq, isterik düşüncələrə qapılmaq, guya "bununla da artıq balanslı siyasətdən imtina olunmalıdır" və "ölkəmiz də Gürcüstan və Ukraynanın yolu ilə getməlidir" kimi xarici siyasət düşüncəsinə gəlmək də həddən artıq tələskənlik, bir qədər reaksionist, impulsiv yanaşma olardı".

Deputat hesab edir ki, Azərbaycan tərəfi ehtiyatlı davranmalı və Rusiyanı azərbaycanlılar üçün uğur ölkəsinə çevirməlidir: "Rusiyada ermənilər tarixən bu ölkənin imkanlarını, onların siyasi-hərbi gücünü bizim əleyhimizə yönəltməyə çalışıblar. Ermənilər hətta iddia edirlər ki, Kiyev Rus dövlətindən bu yana o xalqın, dövlətin mədəni-ictimai, hərbi həyatında böyük salnamələr yaradıb, dahi sərkərdələr formalaşdırıblar və rus dövlətçiliyinə xidmət ediblər. Halbuki, həmin rol heç də müsbət olmayıb. Ən azından son yüz ildə Anastas Mikoyanın fəaliyyətindən tutmuş tarixi varislik ənənəsini qoruyub saxlayaraq Qorbaçovun çevrəsindəki Aqambekyan və Şahnazarovun fəaliyyətlərinin Rusiya dövlətçiliyinin əleyhinə olduğu görülməlidir. Halbuki, azərbaycanlılar Rusiyada heç zaman separatçılıq etməyib, fundamentalizmə yuvarlanmayıb, dini-ekstremist təşkilatlar yaratmayıb, xaricdən ixrac olunan inqilabi ideologiyalara baş qoşmayıb, Qərbin kolonu olaraq dövlət üçün təhlükə törətməyiblər. Doğrudur, Putin ermənilərin Rusiya dövlətçiliyi üzərində hakimiyyətini əvvəlki dövrlərə nisbətən xeyli zəiflədib. Ara Abramyanın, Karapetyan qardaşlarının Rusiyada böyük bizneslərə və milyardlıq dövriyyələrə rəhbərlik etməsinə, hətta Ermənistan prezidenti Serj Sarkisyanın özünün orada biznesinin olmasına baxmayaraq, Rusiyanı bütövlükdə ermənilərin sərəncamına verilmiş kimi təsvir etmək də yanlış olardı. Orada azərbaycanlılar da yetərincə biznes qurub, imkanlar əldə edib, pullar qazanıb, bəziləri idarəetmə, digərləri iqisadi sahədə uğurlar əldə ediblər. Ona görə Rusiyanı azərbaycanlılar üçün uğur ölkəsinə çevrilməsi xəttini davam etdirmək lazımdır. Çünki son yüz ildə bizi Rusiya ilə nə vaxt toqquşdurublarsa, ondan çox ziyan çəkmişik. Hesab edirəm ki, ötən əsrin 90-cı illərində də belə bir təxribatın qurbanı olmuşuq. Hər halda Rusiyanın indiki iqtidarından Yeltsin və Sovet-bolşevizm dönəminin hesabatını sormaq çox yanlış olardı".

Z.Oruc qeyd edib ki, verilən bu qərardan çıxış yollarını arayarkən azərbaycanlılar Rusiyaya qarşı qəti şəkildə küskünlük, davakarlıq, sərt tədbirlərə əl atılmasını nümayiş etdirməməli, yeni yollar aramalıdır: "Əgər ÜAK-ın fəaliyyətinə tam xitam verilərsə, 2012-ci ildən o təşkilata alternativ yaradıb, milyarderləri bir qrup halına gətirərək onların vasitəsilə Azərbaycana qarşı təsir və təzyiq etmək istəyən qüvvələrə meydan verməmək üçün hansı addımları atmalıyıq? Kimsə Rusiyadakı azərbaycanlılardan təzyiq kimi istifadə etməyə çalışırsa, bizə verilən silahlar Qarabağda tətbiq olunduqca "bu, azərbaycanlılarının mövqeyini gücləndirir və Qafqaz təsir zonasından çıxa bilər" deyə düşünülərsə, Avropaya gedib çıxan qaz kəmərimizin Qərbin Rusiyadan qaz asılılığının azaldılması kimi səciyyələndirirlərsə və Putinin kabinetinə daim antiazərbaycan mövqeləri daşıyırlarsa, biz Rusiyadakı dostlarımızın mövqeyini gücləndirmək üçün yeni siyasi-diplomatik xətlər açmalıyıq. Çox müsbət haldır ki, Rusiyada da Azərbaycanla əməkdaşlığın, münasibətləri yaxşılaşdırmağın tərəfində olanlar, regiona daha real nəzərlərlə baxan, imperialist duyğulardan kənar dayanmağı bacaran qüvvələr, insanlar da var".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində