Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında idmançıların mükafatlandırma mərasimində iştirak edib - VİDEO - FOTO - YENİLƏNİB

18 May 2017 19:24

19:24

Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. Azərbaycan pəhləvanları Oyunları 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa çatdırıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.

Heydər Əliyev adına İdman Arenasında keçirilən yunan-Roma güləşi yarışlarının ikinci günündə dörd çəki dərəcəsində qaliblər müəyyənləşib.

Güləşçimiz Kamran Məmmədov (66 kq) finalda Qırğızıstan idmançısı Janat Kilibayev ilə qarşılaşıb. Görüş vaxtından əvvəl 9:0 hesabı ilə Azərbaycan pəhləvanının xeyrinə başa çatıb. Bu çəki dərəcəsində bürünc medallara türkiyəli Abdulsamet Günal və iranlı Mehdi Zeidvand sahib olublar.

Qalib idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Yarışlarda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyev finalda Türkiyə təmsilçisi Furkan Bayrak üzərində 1:0 hesabı ilə qələbə qazanaraq millimizin aktivinə 54-cü qızıl medalı yazdırıb. Bu çəki dərəcəsində türkmənistanlı Şermet Permanov və Qırğızıstan idmançısı Kayratbek Tuqolbayev bürünc medallara sahib olublar.

Digər güləşçimiz İslam Abbasov (85 kq) isə finalda Türkiyə təmsilçisi Ali Cengizi məğlub edərək "Bakı-2017"nin qızıl medalını qazanıb. Bu çəki dərəcəsində bürünc medallara qırğızıstanlı Azat Bişebekov və iranlı Mahdi Fallah Hamidabadi layiq görülüblər.

Yunan-Roma güləşi yarışlarında 130 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Sabah Şəriəti bürünc medal uğrunda görüşdə suriyalı Raja Alkrada qalib gələrək üçüncü yeri tutub.

Beləliklə, İslamiadada yunan-Roma güləşi üzrə yarışlarda 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yerdə qərarlaşıb.

----------

18:06

IV İslam Həmrəyliyi Oyunlarının "Baku Crystal Hall"da keçirilən boks yarışları mayın 18-də başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan boksçuları İslamiadada 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.

İslamiadada boks üzrə Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev yazdırıb. Həlledici görüşdə iraqlı Ammar Kərbəlayiyə 5:0 hesabı ilə qalib gələn boksçumuz "Bakı-2017"nin çempionu olub. Bu çəki dərəcəsində bürünc medallara türkmənistanlı Hursad İmankuliyev və Qazaxıstan təmsilçisi Sultan Zaurbəy layiq görülüblər.

Qalib idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

İslamiadada Azərbaycanın 55-ci qızıl medalını boks yarışlarında 91 kiloqram çəki dərəcəsində çıxış edən Teymur Məmmədov qazanıb. T.Məmmədov həlledici görüşdə türkiyəli Burak Akşinə 3:2 hesabı ilə qalib gəlib. Bu çəki dərəcəsində bürünc medallara suriyalı Eldin Alaa Qhoussoun və mərakeşli Abdelcalil Abuhamda layiq görülüblər.

Boks üzrə Azərbaycan millisinin aktivinə üçüncü qızıl medalı Məhəmmədrəsul Məcidov yazdırıb. Yarışlarda 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizənin finalında idmançımız suriyalı Manaf Asaadı 4:1 hesabı ilə məğlub edib. Bu çəki dərəcəsində bürünc medallara mərakeşli Mohammed Arjaoui və iordaniyalı Hüsseyn İaşaiş sahib olublar.

Yarışlarda 69 kiloqram çəki dərəcəsində rinqə çıxan boksçumuz Tamerlan Abdullayev gümüş medalla kifayətlənməli olub. İdmançımız həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturov ilə görüşdən məğlub ayrılıb. Bu çəki dərəcəsində qazaxıstanlı İlya Oçkin və Suriya təmsilçisi Ahmad Qhosson bürünc medallarla kifayətləniblər.

Olimpiya mükafatçımız Kamran Şahsuvarlı (75 kq) isə finalda qazaxıstanlı Tursunbay Kulahmet ilə rinqə çıxıb. Gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə Kamran Şahsuvarlı məğlub olaraq ikinci yeri tutub. Bu çəki dərəcəsində bürünc medallara kamerunlu Vilfred Dieudonne Seyi Ntsenue və mərakeşli Youness Qarroumi sahib olublar.

Boks komandamızın aktivinə üçüncü gümüş medalı Rauf Rəhimov (81 kq) yazdırıb. Qızıl medal uğrunda görüşdə türkmənistanlı Arslanbek Açilov ilə üz-üzə gələn R.Rəhimov məğlub olaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. Misirli Abdelrahman Abdelqavvad və Türkiyə boksçusu Cem Karlıdağ bu yarışda bürünc medallara layiq görülüblər.

Azərbaycan boksçusu Tayfur Əliyev (56 kq) yarışları bürünc medalla başa çatdırıb.

Beləliklə, Azərbaycan boksçuları IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq İslamiadada komanda hesabında birinci yeri tutublar.

Milli.Az