"Gizlədilmiş vakansiyaya işə götürülən müəllimlərin iş yeri müsabiqəyə çıxarılacaq"

17 May 2017 16:36

"Bu il ilk dəfə olaraq, Azərbaycanda müəllimlərin rayon və ya şəhərlərdə daxili yerdəyişməsini Təhsil Nazirliyi həyata keçirəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov jurnalistlərə deyib.

E.Bağırov qeyd edib ki, əvvəlki illərdə bu səlahiyyət yerli təhsil idarəetmə orqanlarına verilmişdi: "Lakin bu il proses Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Buna görə də bu il proqram təminatı yenidən işləniləcək. Buna zərurət bəzi yerlərdə vakant müəllim yerlərinin gizlədilməsindən irəli gəlib".

E.Bağırov əlavə edib ki, 2015 və 2016-cı illərdə yerlərdə aparılan yoxlamalar zamanı daxili yerdəyişmələrdə ciddi nöqsanların olması müşahidə olunub: "Bu faktlar diaqnostik qiymətləndirmə ilə əlaqədar müəllimlərin sənədləri araşdırılarkən üzə çıxıb. Nöqsanların aradan qaldırılması məqsədilə bu məsələni indi öz üzərimizə götürmüşük".

E.Bağırov qeyd edib ki, nöqsanların çoxu müəllimlərin sıxlığı olan ərazilərə yerləşdirilməsi, vakansiya olmadığı halda müəllimin kənd məktəbindən şəhər məktəbinə köçürülməsidir: "Eyni zamanda vakansiyaların gizlədilməsi, həmin gizlədilən vakansiyaya işə götürülən müəllimlər tərəfimizdən müəyyən olunub. Həmin müəllim yerlərinin hamısı müsabiqəyə çıxarılacaq. Bu il əvvəlki illərdən daha çox vakant yer elan olunacaq".

E.Bağırovun sözlərinə görə, TN-nin vakant yerlərin elan olunması ilə bağlı yaratdığı elektron sistemi daim təkmilləşdirilir. Bu il həmin sistemin əmək haqqının hesablanması sisteminə inteqrasiya edilməsi nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində