Azad Rəhimov: "Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə keçirilməsinə hazırdır"

21 Aprel 2017 22:24

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə keçirilməsinə hazırdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib: "Birinci Avropa Oyunları nəinki bizim, hətta bütün dünya ictimaiyyətinin yaddaşında ən möhtəşəm şəkildə təşkil edilmiş idman tədbiri kimi qalacaq. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə rəhbərliyiniz Oyunların yüksək səviyyədə keçirilməsinə əsas zəmanətdir. Azərbaycan hər zaman İslam sivilizasiyasının mərkəzlərindən biri olub, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı olub".

A.Rəhimov bildirib ki, iyirmi bir gündən sonra başlayacaq İslam Oyunları zamanı bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək:

"Bildiyiniz kimi, Oyunların Təşkilat Komitəsi Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə yaradılıb və 2015-ci il noyabrın 1-də Sizin tapşırığınıza əsasən İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi fəaliyyətə başlayıb. Əməliyyat Komitəsində 16 ölkəni təmsil edən 100 xarici və 1400 yerli mütəxəssis çalışır. Artıq qeyd edildiyi kimi, Oyunların açılış və bağlanış mərasimlərində, o cümlədən idman tədbirləri zamanı yardım göstərmək üçün 8 mindən çox könüllü səfərbər etmişik. İşçi qüvvəsinin və könüllülərin təlim prosesi başa çatmaq üzrədir. Bundan əlavə, Əməliyyat Komitəsinin tərkibində müxtəlif sahələrdə təxminən 14 minə qədər podratçı çalışır. Əməliyyat Komitəsinin yarandığı vaxtdan gündəlikdəki əsas məsələlərdən biri İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan bütün Milli Olimpiya komitələri ilə danışıqların aparılması və onların bu yarışlarda iştirakını təsdiqləmək olub. Bu gün məmnunluqla qeyd etmək istərdim ki, İƏT-ə üzv olan bütün 57 ölkədən 3 mindən çox idmançının iştirakı təsdiq edilib. Üzv dövlətlərin maksimal sayda iştirakı İslam Həmrəyliyi Oyunlarının tarixində bir rekorddur. Həmçinin Oyunlarda 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edəcək".

Nazir əlavə edib ki, yarışların cədvəli tam hazırdır. Bununla yanaşı, artıq komanda yarışlarının püşkatma mərasimi də keçirilib. İdman Əməliyyat Proqramı çərçivəsində 20 idman növünün formatı və standartı müvafiq Beynəlxalq İdman Federasiyaları ilə razılaşdırılıb. Eyni zamanda, antidopinq laboratoriyası təşkil edilib:

"Yarışlar 17 müxtəlif idman obyektində keçiriləcək. Bununla yanaşı, Oyunlar zamanı 21 qeyri-yarış məkanından istifadə olunacaq. Nəzərdə tutulan bütün idman obyektləri Oyunlara tam hazırdır. Bütün idmançılar, məşqçilər, komanda rəsmiləri və texniki heyət Atletlər kəndində yerləşdiriləcək. Onu da qeyd etmək lazımdır ki, Atletlər kəndində 5544 yataq yeri var. IV İslam Həmrəyliyi Oyunları zamanı Atletlər kəndinin maksimal imkanlarının 90 faizdən çox istifadə edilməsi nəzərdə tutulur. Atletlər kəndi rəsmi olaraq may ayının 1-də açılacaq. Oyunlar zamanı yerli iaşə podratçısı qonaqları 195 min ədəd yemək dəsti ilə təmin edəcək. Atletlər kəndində yerləşəcək 5 minə qədər beynəlxalq iştirakçının təhlükəsizlik və sağlamlıq məsələləri də bizim öhdəmizə düşür.

Birinci Avropa Oyunları zamanı əldə edilmiş inventar və avadanlıqların qorunub saxlanılmasına ciddi nəzarət təmin olunması bizə IT texnologiyaları, kommunikasiya, texnoloji avadanlıqlar, mebel, yataq dəstləri, digər təchizat məsələlərini əlavə vəsait cəlb etmədən həll etmək imkanı verib. Yarışların keçirilməsi üçün lazım olan bütün digər avadanlıqlar da artıq Bakıya gətirilib".

Nazir vurğulayıb ki, oyunlar zamanı təhlükəsizlik işlərinə nəzarət dövlət təhlükəsizlik orqanları tərəfindən həyata keçiriləcək. Birgə təhlükəsizlik mərkəzi hazırda Əməliyyat Komitəsinin ofisində fəaliyyət göstərir:

"Yarışlar zamanı nəqliyyatın təmin edilməsi və hərəkəti ilə bağlı əməliyyat planında mövcud olan bütün məsələlər həll olunub. Oyunlar dövründə 144 Neoplan avtobusu, 20 Sprinter avtobusu və 206 taksi xidmətə cəlb ediləcək. Bakı Nəqliyyat Agentliyi 750 sürücü ayırıb və hazırda onların təlimləri davam etdirilir. Yarış müddətində ictimai nəqliyyatın iş qrafiki müvafiq dövlət müəssisələri ilə razılaşdırılıb. Nəqliyyat əməliyyat proqramı çərçivəsində Atletlər kəndinin arxasındakı avtobus deposu Oyunların tələblərinə tam uyğun olaraq yenidən işə başlayıb. Bundan əlavə, əhali üçün nəqliyyat məhdudiyyətinin aradan qaldırılması məqsədilə Atletlər kəndi yaxınlığındakı ictimai nəqliyyat mərkəzinin yeri dəyişdirilib. Fürsətdən istifadə edərək, nəqliyyatla bağlı məsələlərin həllində bizə göstərdikləri yardıma görə bütün müvafiq dövlət qurumlarına minnətdarlığımızı bildiririk".

O əlavə edib ki, oyunlar üçün bütün texnoloji sistemlər və infrastruktur tam hazırdır. Texnologiyanın hazırlıq səviyyəsi bütün obyektlərdə bu həftə ərzində test edilir:

"Oyunların proqramına daxil edilmiş 165 idman yarışına tamaşa etmək üçün 500 mindən çox bilet satışa çıxarılıb. IV İslam Həmrəyliyi Oyunlarının yayım hüququ üçün yerli yayım şirkəti ilə müqavilə bağlanıb. Açılış və bağlanış mərasimlərinin, o cümlədən futbol yarışlarının canlı yayımlanması planlaşdırılır. Digər yarışlar tamaşaçılara idman bülleteni formatında təqdim ediləcək. Oyunların, həmçinin Olimpiya kanalı vasitəsilə yayımlanması nəzərdə tutulub.

Oyunların 24 beynəlxalq və 17 yerli səfiri Oyunlar haqqında məlumatları geniş sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırırlar. Onlar, həmçinin İslam dəyərləri haqqında ictimaiyyət arasında müsbət fikrin formalaşmasına da xidmət edirlər. IV İslam Həmrəyliyi Oyunlarına olan böyük maraq və diqqətin nəticəsidir ki, tədbirin 8 yerli və 5 beynəlxalq sponsoru var".

Nazir bildirib ki, oyunların açılış və bağlanış mərasimlərinin təşkilində 31 müxtəlif ölkədən 5 mindən çox əməkdaş fəaliyyət göstərir. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə olunacaq. Bu mərasimlər Bakı Olimpiya Stadionunda baş tutacaq. Mərasim iştirakçısı olmaq üçün 9 min azərbaycanlı gənc Əməliyyat Komitəsinə müraciət edib və onlardan 4 mini seçilib:

"Əməliyyat Komitəsi fəaliyyətə başladığı gündən İslam Həmrəyliyi İdman Federasiyası ilə sıx əməkdaşlıq qurub. Son 18 ay ərzində İslam Həmrəyliyi İdman Federasiyası Koordinasiya Komissiyasının 5 iclası, Milli Olimpiya komitələrinin toplantıları, seminarları və İslam Həmrəyliyi İdman Federasiyası ilə Birgə İşçi Qrupunun bir çox iclasları keçirilib. Qeyd etmək istərdim ki, nailiyyətlərimiz burada iştirak edən dövlət qurumları ilə sıx əməkdaşlıq nəticəsində əldə olunub və buna görə hamınıza dərin təşəkkürümü bildirirəm.

Sonda IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına 21 gün qalmış əminliklə bəyan etmək istərdim ki, biz Oyunların müvəffəqiyyətlə keçirilməsinə hazırıq. Ümidvaram ki, bu Oyunları da nümunəvi şəkildə keçirəcəyik. Azərbaycanın bacarığını, həmrəylik və dostluq dəyərlərinin təşviqinə töhfəsini beynəlxalq aləmə bir daha nümayiş etdirəcəyik".

Milli.Az