Ömürlük həbsə məhkum olunan şair həbsxanada evləndi - VİDEO - FOTO

21 Aprel 2017 18:30

Cütlüyün artıq bir övlad var

Milli.Az bildirir ki, ARB TV-nin "Rezonans" verilişində bu dəfə ömürlük həbs cəzasına məhkum olunmuş şairin həyat hekayəsinə yer verilib.

Belə ki, həbsxana həyatı yaşayan Sergey Strilayevin sevgi hekayəsi hər kəsin diqqətini çəkib. Ömürlük həbs cəzasına məhkum edilən gənc, həbsxanada ailə həyatı qurub. Cütlüyün artıq bir övlad var. 

Sergey Strilayev bildirib ki, xanımı onun ömürlük həbsdə qalacağını bilə-bilə ona ərə gəlib. Bir övladlarının olduğunu söyləyən Sergey Strilayev onun üzünü 3 aydan bir gördüyünü və çox darıxdığını bildirib.

Onu da əlavə edək ki, Sergey Strilayev həbsxanada yeni yazdığı kitabın təqdimatını da edib.

Məlumat üçün bildirək ki, o, iki qonşusunun qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum edilib. Bu hadisə 1997-ci ildə baş verib. O vaxtdan Strilayev gücünü qələminə verib. Ötən 20 il ərzində 5 şeirlər külliyyatı, həmmüəllifliyi ilə qəzet, jurnal və internet saytlarında onlarla seçilmiş əsəri dərc olunub. Şeirləri təkcə Azərbaycanda yox, ölkəmizin hüdudlarından kənarda da müsbət əks-səda doğurub.

2006-cı ildə Strilayevin "Qışqıran ürək" adlı ilk, 2007-ci ildə "Tale yamacında" adlı növbəti kitabı çap olunub. Onun yaradıcılığı Yazıçılar Birliyi tərəfindən gənc və istedadlı şairin dünyaya gəlişi kimi qeyd edilib. 2008-ci il mayın 16-da Qobustanda iki kitabın təqdimatı keçirilib. Tədbirdən yerli telekanallarla yanaşı, "Yeni Azərbaycan" və "Xalq qəzeti" də yazıb, "Literaturnıy Azerbaydjan" jurnalında onun şeirləri dərc olunub.

Strilayevin əsərlərinin Rusiya, Ukrayna, Moldova, Polşa, Almaniya və İsraildə böyük tələbata malik olduğu bildirilir. Yazıçılar Birliyinin üzvləri isə onun şeirlərinin Sergey Yeseninin poeziyasını xatırlatdığını bildirirlər.

Qeyd edək ki, daha ətraflı bu bazar 21:30-da ARB TV-də yayımlanan "Rezonans" verilişində izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ömürlük həbsə məhkum olunan şair həbsxanada evləndi