Prokuror silahlı basqında ittiham olunan sahibkara 16 il cəza istəyib

21 Aprel 2017 14:01

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adan öldürməyə cəhddə təqsirləndirilən Vidadi Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Vidadi Quliyevin 16 il azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili müdafiə nitqi üçün məhkəmədən vaxt istəyib. Hakimlər onun istəyini nəzərə alıb və növbəti məhkəmə iclasını aprelin 27-nə təyin edilib.

İttihama görə, Bakı şəhər sakini V.Quliyev ötən il Lənkəran rayon sakini Elşad Kazımova Sabunçu rayonu Ləhiş bağlar sahəsində odlu silahdan qarın və əl nahiyələrindən xəsarət yetirib. E.Kazımov xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Quliyev tutulub. Hadisə yerinə baxış zamanı, oradan "Makarov" markalı tapança, patron darağı, 2 ədəd patron və 4 ədəd giliz aşkar edilərək götürülüb.

Araşdırma zamanı məlum olub ki, E.Kazımov V.Quliyevin bağ evində gözətçi olub. Hadisədən əvvəl həmin şəxslər birlikdə spirtli içki qəbul edib. Mübahisə zəminində V.Quliyev E.Kazımovu güllələyib.

V.Quliyev Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürmə cəhd) və 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ittiham olunur. Məlumat üçün bildirək ki, V.Qulyev əvvəllər hüquq-mühafizə orqanlarında işləyib, təqaüdə çıxandan sonra sahibkarlıqla məşğul olub. Cinayət hadisəsi V.Quliyevin bağ evində baş verib. E.Kazımov həmin bağda gözətçi işləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində