Bakıda mağazadan oğurluq anbaan kameraya düşdü - VİDEO - FOTO

20 Aprel 2017 16:48

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əvvəllər məhkumluq həyatı yaşamış Qulam Nüsrət oğlu Qulamovun başqa bir mağazaya qənim kəsildiyi də üzə çıxıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Heydər Hüseynov küçəsi 13 ünvanında yerləşən ərzaq mağazasının sahibi mühafizə kameralarının Qulamovun oradan oğurluq etdiyini göstərən görüntülərini polisə təqdim edib.

Təsvirlərdə aydın görünür ki, aprel ayının 4-ü mağazaya daxil olan şəxs əlində tutduğu siyahıya əsasən müxtəlif sayda ərzaq məhsullarını kassaya yığdırır. Arada nəzakət xətrinə onun arxasınca növbədə duranları qabağa da buraxır. Ardından kassa arxasında əyləşən işçidən ona 5 qutu siqaret verməsini xahiş edir. Cavan adam dükanda ondan başqa müştəri qalmadığını görəndə yanında duran digər mağaza işçisini un dalınca göndərir. Satıcı un gətirməyə getdikdə isə, içərisində 5 qutu siqaret olan sellofan bağlamanı götürərək məkanı tərk edir. Kassirin qışqırığı oğrunu saxlamır. Un dalınca yollanan satıcının səsə geri dönməsi belə heç nəyi dəyişmir. İndi Qulam Qulamov bu əməlinə görə də qanun qarşısında cavab verməli olacaq.

Onu da bildirək ki, eyni ərzaq mağazasına qənim kəsilən tək Qulam Qulamov olmayıb. 3 gün əvvəl müştəri qadınlardan biri satıcının diqqətsizliyindən istifadə edərək dələduzluq edib. 2 manat 50 qəpiklik ərzaq alan müştəri kassaya yaxınlaşıb. Bu zaman o, satıcıya 20 manat uzadıb. Satıcı ona 100 manatlıq verildiyini düşünərək alıcıya 97 manat 50 qəpik qaytarıb. Alıcı isə heç nə olmamış kimi pulları götürərək mağazanı tərk edib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mağazadan oğurluq anbaan kameraya düşdü