Azərbaycan rayonlarının reytinqi AÇIQLANDI

19 Aprel 2017 13:58

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilk dəfə olaraq Azərbaycan Respublikasının inzibati rayonların üzrə 2017-ci ilin investisiya reytinqini açıqlayıb.

Milli.Az xəbər verir ki, mərkəzdən APA-ya verilən məlumata görə, reytinqin tərtib edilməsinin əsas məqsədləri iqtisadi rayonların xüsusi iqtisadi konyunkturunu və ümumi inkişaf səviyyəsini nəzərə alaraq, ixtisaslaşma sahələrinin müəyyən edilməsi, regionların iqtisadi fəaliyyət nəticələri və rəqabət qabiliyyətli sahələrinin müəyyən edilməsi və zaman sırası və sahələrarası təhlilinin aparılması,  regionların rəqabət qabiliyyətinin artırılması, investisiyaların cəlb edilməsidir.
 
Qeyd edək ki, reytinqin tərtib edilməsi zamanı qabaqcıl beynəlxalq təcrübə öyrənilib. Həmçinin Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış Dünya Rəqabətlilik İndeksinə oxşar yanaşma tətbiq edilib. Analoji yanaşma Avropa İttifaqının Regionların Rəqabətlilik İndeksinin tərtibi zamanı da istifadə olunub.
 
İnvestisiya reytinqi haqqında tədqiqatlar Respublikanın əsas şəhər və rayonlarında aparılıb. Bu araşdırmalar ölkənin əsas 62 şəhər və rayonlarının regional investisiya reytinqlərinə təsir edən amilləri əhatə edib. Bu araşdırmaların başlıca səbəbləri ixtisaslaşmış sahələrin identifikasiyası, nəticələrin təhlili, rəqabət qabiliyyətliyinin artırılması və regionlara investisiyanın cəlb olunmasıdır.
 
İnvestisiya reytinqinə görə, ən yüksək hədd Bakı şəhəri üzrə müəyyən olunub - 0,785%.  "Miqyas effektini nəzərə alaraq, paytaxtın I yerdə olması təbii haldır. 2017-ci il üzrə Rayonların İnvestisiya Reytinqinə görə, ilk onluqda Naxçıvan, Mingəçevir, Sumqayit, Şirvan, Gəncə və Naftalan şəhərləri yer alıb. Bundan başqa top 10-luqda Abşeron, İmişli və Culfa rayonları da qərarlaşıb. Bir neçə regiondakı cüzi durğunluq və geriləmə nəzərə alınmasa, ölkənin bir çox sektorlarında müsbət dəyişikliklər müşahidə olunub və bu Azərbaycanın regionların gələcək inkişafı ilə bağlı müsbət proqnoz verməyə imkan verir. Bu da, öz növbəsində Azərbaycanın regionun lider dövləti olaraq, mövqeyini möhkəmləndirməyə yardım edəcək", - deyə məlumatda vurğulanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində