Ruhuna zülm edilən məzlum imam

20 Aprel 2017 23:15

"Nə deyim bir adamın (yəni Əlinin) haqqında ki, dostları qorxudan, düşmənləri isə həsəd üzündən onun fəzilətlərini gizlətdilər; bununla belə fəziləti, onu gizlədənlərin arasından zahir olub şərqlə qərbi bürüdü!"

Xəlil ibn Əhməd (əruz vəzninin qaydalarını işləyib-hazırlamış məşhur ərəb ədibi).

Əməvilərin tarix və Ümmət qarşısında cavabdehlik daşıdıqları ən böyük cinayətlərdən biri də Həzrət İmam Əli ibn Əbu Talibə (ə) və Onun övladlarına lənət və söyüş deyilməsini dəb halına gətirmələridir. Müaviyənin əmri ilə məscidlərdə oxunan bütün xütbələr Allaha həmdü-səna, Peyğəmbərə salam və Əli ibn Əbu Talibə (ə) lənətlə başlayırdı. Şəhər valiləri, imam-camaatlar, qazılar öz nitqlərinə bu cür başlamağa məcbur idilər. Əhli-beytin dostlarını ölüm təhlükəsi qarşısında qoyaraq, öz əqidələrindən döndüklərini camaat qarşısında elan etməyə məcbür edirdilər. Bu təklifi yerinə yetirməyənləri ən ağır işgəncələr və hətta ölüm cəzası gözləyirdi.

Milli.Az islam.az-a istinadən bildirir ki, Müaviyə hakimiyyət taxtında möhkəmlənib camaatdan beyət aldıqdan sonra xilafət torpaqlarının hər bir nöqtəsinə məktub yollayıb, Əhli-beytə qarşı yürüdüləcək siyasətin əsas istiqamətlərini bəyan etdi. Şafii məzhəbli İbn Əbil-hədid "Nəhc əl-bəlağə"yə yazdığı şərhdə qeyd edir: "Camaat ilindən (yəni camaatdan beyət alınan ildən) sonra Müaviyyə bir məktub yazıb, onun nüsxələrini bütün vilayətlərdəki nümayəndələrinə göndərdi. O, məktubda yazmışdı ki, Əbu Türabın (yəni Əlinin) və Onun Əhli-beytinin fəzilətlərindən danışan hər kəsin üzərindən öz himayəsini götürür. Bütün məntəqələrdə və bütün minbərlərin üzərindən xətiblər Əiyə lənət yağdırmağa, Ondan bizarlıq bildirməyə, Onun ruhuna və Əhli-beytinə qarşı hörmətsizlik göstərməyə başladılar" (İbn Əbil-hədid Şafii. Şərh Nəhc əl-bəlağə, 9-cu cild, səh. 44).

Həmin dövrdə baş vermiş maraqlı hadisələrdən birini Hakim Nişaburi "əl-Müstədrək əla-l-Səhiheyn" kitabında qeyd edib. Tabeinin böyüklərindən və məşhur irfan sahiblərindən olan Malik ibn Dinar Səid ibn Cübeyrdən soruşdu ki, döyüşlərdə (xüsusilə, Xeybər savaşında) Allah Rəsulunun bayrağını kim gəzdirirdi? Bu sual camaat içində verildiyi üçün Səid zalım vali Həccacdan qorxub cavabdan yayındı. Malik Səidin evinə gedib təklikdə ona bu sualı verəndə isə Səid dedi: "Bayrağı Əli daşıyırdı". Hakim Nişaburi sonda qeyd edir ki, bu hədis sənəd baxımından səhihdir (Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, 3-cü cild, səh. 159, 4728-ci hədis).

Təbərinin tarixində hicrətin 43-cü ilində baş vermiş olaylar sırasında qeyd edilmiş bir hadisə də bu baxımdan çox maraqlıdır. Müaviyənin əlaltısı, Kufə şəhərinin valisi Müğeyrə ibn Şöbə İmam Əlinin (ə) silahdaşlarından olan Səsəə ibn Suhana belə söyləmişdi: "Bundan sonra eştitməyim ki, bir nəfərin yanında Osmanın eyiblərindən danışmısan! Bundan sonra eştiməyim ki, Əlinin fəzilətlərini açıq-aşkar söyləmisən! Sən Əlinin elə bir fəzilətini yada sala bilməzsən ki, mənim ondan xəbərim olmasın; mən bunları səndən də yaxşı bilirəm. Amma bu hökumət iş başındadır və biz hökumətə söz vermişik ki, onun (yəni Əlinin) eyiblərini camaata deyək. Onsuz da bizə tapşırılan işin az bir hissəsini yerinə yetiririk və yalnız o qədərini deyirik ki, hakimiyyətdə olanların qəzəbini özümüzdən uzaqlaşdıra bilək. Əgər onun fəzilətlərindən danışmaq istəsən, yalnız öz tərəfdarlarının arasında və öz evinizdə gizli danış. Aşkar şəkildə məsciddə danışma; çünki xəlifə buna göz yummaz və bizi bağışlamaz" (Təbəri tarixi, 5-ci cild, səh. 189).

Müaviyə müsəlmanlar arasında çox tanınan şəxsləri Əlini (ə) söyüb təhqir etməyə çağırırdı. Müslimin "Səhih"indəki hədislərin birində deyilir ki, Müaviyə məşhur səhabə Səd ibn Əbu Vəqqasa niyə Əlini (ə) söymədiyini irad tutmuşdu (Səhih Müslim, "Səhabələrin fəzilətləri" kitabı, 6220-ci hədis). Görkəmli salnaməçi Yəqubi yazır ki, bir çox şəhərlərdə camaat Əlinin (ə) ruhuna edilən təhqirləri eşitməsin deyə, namazdan dərhal sonra məsciddən çıxıb gedir və xütbəni dinləməyə qalmırdı. Ona görə, Müaviyə əmr vermişdi ki, xütbəni namazdan qabaq söyləsinlər (Yəqubi tarixi, 2-ci cild, səh. 152).

Müaviyə əmr vermişdi ki, hətta Əli ibn Əbu Talibin (ə) dilindən hədislər də rəvayət edilməsin. Hansı hədisin sənəd silsiləsində Əlinin (ə) adı vardısa, həmin hədisi Onun adı olmadan rəvayət edirdilər. İbn Şəhraşub yazır ki, ravilər Həzrət Əlidən (ə) söylənilən hədisləri "Qüreyşdən olan bir nəfərdən", "Allah Rəsulunun səhabələrinin birindən" adı altında nəql edirdilər. Hətta Həsən Bəsri hədislərin sənəd zəncirində o həzrəti "Əbu Zeynəb" adı ilə yad edirdi (İbn Şəhraşub. Mənaqib Ali-Əbitalib, 2-ci cild, səh. 391). Bir gün Yunis ibn Übeyd adlı şəxs Həsən Bəsridən soruşur: "Sən bir çox hədisləri rəvayət edəndə: "Allahın Rəsulu belə buyurub", - deyirsən; halbuki özün o həzrəti görməmisən və o həzrətin dilindən bilavasitə hədis eşitməmisən!" Həsən Bəsri ona cavab verir: "Qardaşoğlu! Sən elə bir məsələ barədə məndən soruşdun ki, bundan əvvəl heç kim bu barədə məndən soruşmamışdı. Əgər mənim gözümdə qədr-qiymətin olmasaydı, sənə heç nə deməzdim. Mən elə bir zəmanədə yaşayıram ki, hansı hədisi "Allahın Rəsulu belə buyurub" deyə rəvayət edirəmsə, deməli, onu Əli ibn Əbu Talibdən nəql edirəm. Amma bu zəmanədə Əlinin adını çəkə bilmirəm" (Mizzi. Təhzib əl-kəmal fi əsma əl-rical, 6-cı cild, səh. 124).

Abdullah ibn Abbas Müaviyəyə müraciət edərək demişdi: "Onu (yəni Əlini) minbərlərin üstündən söyürsən. Bir halda ki, həmin minbərlər onun qılıncının gücünə ucaldılıb!" Müaviyə isə tam qətiyyətlə ona cavab verimişdi: "Bu işdən əl çəkməyəcəyəm, ta ki, böyüklər bu əqidə ilə ölsünlər, kiçiklər isə bu əqidə ilə böyüyüb qocalsınlar" (İbn Şəhraşub. Mənaqib Ali-Əbitalib, 3-cü cild, səh. 257).

Hicri V əsrdə yaşamış məşhur ərəb şairi İbn Sinan Xüffaci Hələbi yuxarıdakı sözləri nəzmə çəkərək yazmışdı:

Minbərlər üstündən Ona lənət və söyüş yağdırırsınız?!

Halbuki, sizdən ötrü həmin minbərlərin dayaqları Onun qılıncının vasitəsilə düzəldilib (Seyyid ibn Tavus. Lühuf, səh. 208).

Müaviyənin oğlu Yezid də atasının qoyduğu dəbi davam etdirirdi. Kərbəla əsirləri Şama - onun hüzuruna gətiriləndə, Yezid xətibə tapşırmışdı ki, öz nitqini İmam Hüseynə (ə) və atasına lənətlə başlasın. Yeziddən sonrakı Əməvi xəlifələri də bu qaydaya riayət edirdilər. Bütün xilafət ərazisində oxunan hər bir xütbənin əvvəlində Əli ibn Əbu Talibə (ə) və övladlarına lənət və söyüş deyilirdi. 60 ildən sonra Ömər ibn Əbdüləziz bunu ləğv etdi və əksinə, lənətin əvəzinə Əhli-beytə salavat göndərməyi tapşırdı.

Əməvilər zamanında iş o yerə çatmışdı ki, hətta Həzrət Əli (ə) ilə eyni adı və künyəni daşımaq da qadağan edilmişdi. Yeni doğulan körpəyə "Əli" adını qoymaq körpənin atasını Əhli-beytə məhəbbətdə ittiham etmək üçün yaxşı bəhanə idi. Hətta yaşllı şəxslər belə, öz adlarını və künyələrini dəyişməyə məcbur olurdular. Məsələn, Həzrət Əlinin (ə) xilafəti zamanı - hicri 40-cı ildə Abdullah ibn Abbasın oğlu olanda uşağa ad qoymağı İmama həvalə etmişdilər. O həzrət körpəyə "Əli" adını və "Əbül-Həsən" künyəsini qoydu. Bu hadisədən 25 il sonra hakimiyyətə gəlmiş Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan bir gün Əli ibn Abdullah ibn Abbasa dedi: "Adını və künyəni dəyişdir. Mən sənin adına və künyənə dözə bilmirəm". Əli ona belə cavab verdi: "Adımı dəyişə bilmərəm, amma künyəmi Əbu Mühəmməd etdim". Həmin gündən Əli öz künyəsini dəyişdirdi (Əbu Nüeym İsfahani. Hilyət əl-övliya, 3-cü cild, səh. 207).

Bəni-Üməyyə xəlifələri İmam Əlinin (ə) və Onun övladlarının simasında öz məqsədlərinə çatmaq yolunda ən ciddi maneələrdən birini görürdülər və bütün səyləri ilə bu maneəyə qarşı savaşırdılar. Əhli-beytlə mübarizədə hər bir vasitədən - qılıncdan, puldan, vəzifədən, yalan və iftiradan istifadə edilirdi.

Bir gün İmam Zeynülabidin (ə) Əməvi xəlifəsi Mərvan ibn Həkəmlə görüşür. Mərvan o həzrətə belə deyir: "Bu qövm içində bizim ağamızı (yəni Osman ibn Əffanı) sizin ağanızdan (yəni Əli ibn Əbu Talibdən) daha çox müdafiə edən bir şəxs yox idi". İmam soruşur: "Bəs, niyə minbərlər üstündən onu (yəni Əlini) söyürsünüz?" Mərvan cavab verir: "Bunsuz işimiz alınmaz" (İbn Əbil-hədid. Şərh Nəhc əl-bəlağə, 13-cü cild, səh. 220).

Bunu da qeyd edək ki, Həzrət Əli (ə) öz ruhuna söyüş və lənətlər deyiləcəyini və insanların bu işə məcbur olunacağını qabaqcadan bilirdi. O həzrət xütbələrinin birində belə buyurmuşdu: "Sizi məni söyməyə məcbur edəcəklər. Məni söyün (təhlükədən xilas olmaq üçün). Amma məndən bizarlıq bildirməyi sizə təklif edəndə, məndən bizarlıq etməyin. Çünki mən İslam dinindəyəm" (Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, 2-ci cild, səh. 423, 3423-cü hədis).

Bütün bu cinayətlər elə br şəraitdə baş verirdi ki, Peyğəmbərin dəfələrlə təkrar etdiyi "Hər kim Əlini söysə, məni söymüş olar" hədisini öz qulaqları ilə eşidən səhabələr hələ sağ idilər. İslam ümmətinin bəzi nüfuzlu şəxsləri camaatı bu iyrənc cinayətdən uzaqladırmağa çalışsalar da, azlıqda olduqları üçün, onların səyi heç bir nəticə vermirdi. Əbu Abdullah Cədəli adlı bir nəfər Müaviyənin hakimiyyət illərində Peyğəmbərin xanımı Ümmi-Sələməni ziyarət etməyə gələndə bu şərəfli qadın ondan soruşmuşdu: "Allahın Rəsulu yenə sizin tərəfinizdən söyülürmü?" Əbu Abdullah heyrət və dəhşət içində: "Allah eləməsin!" - deyə səsləndi. Bu zaman Ümmi-Sələmə dedi: "Allah Rəsulunun belə buyurduğunu özüm eşitmişəm: "Hər kim Əlini söysə, məni söymüş olar" (yux. mənbə, 3-cü cild, səh. 140, 4679-cu hədis). Kitabdakı növbəti rəvayətdə hədis daha geniş şəkildə verilib: "Hər kim Əlini söysə, məni söymüş olar. Hər kim məni söysə, Allah-təalanı söymüş olar" (yux. mənbə, 3-cü cild, səh. 140, 4680-ci hədis).

Ümmi-Sələmə ilə yanaşı, Abdullah ibn Abbas, Büreydə, Zeyd ibn Ərqəm, Həsən Bəsri, Səd ibn Əbu Vəqqas, Səid ibn Zeyd, Abdullah ibn Zübeyrin oğlu Amir və başqaları gah gizlində, gah da aşkarda müsəlmanları Əliyə (ə) qarşı söyüş və təhqir işlətməkdən çəkindirirdilər. Bəzən isə Əlini (ə) söyməyə məcbur edilən şəxs çarəsiz qalıb minbərə qalxır və deyirdi: "Xəlifə mənə Əlini lənətləməyi əmr edib. Allah ona lənət etsin!" Bu zaman həmin adam ürəyində Əlini (ə) yox, Müaviyəni nəzərdə tuturdu (Reyşəhri. Mövsuət əl-İmam Əli bin Əbitalib, 11-ci cild, səh. 367-386).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində