Futbol oyunu zamanı ÖLÜM

18 Aprel 2017 11:17

Argentina futbolunda xoşagəlməz hadisə baş verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Talyeres" və "Belqrano" klublarının oyunu zamanı yaşanan kütləvi dava ölümlə nəticələnib.

Oyunda rəqib komandaların fanatları arasındakı insident zamanı xəsarət alan "Belqrano"nun azarkeşi Emanuel Balbo dünyasını dəyişib. O, tribunadan yıxılaraq, başından zədə alıb.
 
İnsident zamanı çəkilmiş videoda Balbonun dava-dalaşdan qaçmaq istədiyi təsbit edilib. Lakin "Belqrano" azarkeşi tribunadan aşağıya tullanmaq istəyərkən, ona zərbələr endirilib və Balbo 3 metr hündürlükdən yerə yıxılıb. Xəstəxanaya çatdırılan fanatı həkimlərin cəhdlərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.
 
Hadisədə günahkar bilinən 4 nəfər polis tərəfindən saxlanılıb. Ehtimal olunur ki, Balboya zərbə endirənlər rəqibin yox, onu "Talyeres" fanatı zənn edən "Belqrano" azarkeşləri olublar. Mərhumun atası isə belə bir versiya irəli sürüb ki, davaya Balbonun 2012-ci ildə öldürülmüş qardaşının qatilini tribunada görməsi səbəb olub.

Hadisə ilə bağlı araşdırma başlanılıb. Günahkarlara 10 ildən 34 ilə kimi həbs cəzası tətbiq oluna bilər.
 
Qeyd edək ki, oyun 1:1 hesabı ilə yekunlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində