"Buna bizim faydamıza olan addım kimi baxılmalıdır"

18 Aprel 2017 07:00

"Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilk növbədə Azərbaycanın imici üçün vacibdir".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar, eləcə də İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa deyib.

Millət vəkilinin fikrincə, bu, ən azından ölkəmizin yenə də Şərqdə, dünyada bir idman məkanı olaraq bu cür tədbirləri keçirməyə qadir olduğunu göstərən hadisədir: "Biz buna daha çox məhz bu kontekstdən yanaşmalıyıq. Azərbaycan daha mötəbər yarışların keçirilməsi üçün bir zəmin hazırlayır. Bu baxımdan Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə bizim faydamıza olan və ölkəmizin təbliğinə xidmət edən bir addım kimi baxılmalıdır".

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları Bakıda 12-22 may tarixlərində keçiriləcək. Dünyanın 57 ölkəsini təmsil edən 3 mindən çox idmançı 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri - Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri - Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) mübarizə aparacaqlar.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində