Tər qoxusundan qurtulmağın effektli yolu

17 Aprel 2017 23:39

Artıq yaz fəslinə qədəm qoymuşuq. Hər kəsə məlumdur ki, məhz bu mövsümdə bir çox xəstəliklər və kosmetoloji problem baş qaldırır. Milli.Az xəbər verir ki, Ailem.az-ın suallarını cavablandıran həkim-kosmetoloq-dermatoloq Günay Mikayılova yaz mövsümündə daha çox dəmirov, müəyyən allergik dəri problemləri, piqment ləkələrinin ortaya çıxdığını bildirdi: "Çox vaxt pasientlər deyir ki, yayda üzümə ləkə düşmədi, amma yazda düşdü. Ona görə də baxmayaraq ki, yaz təzə gəlib mart və aprel ayının günəş şüalanması dəri tərəfindən ən zərərli dönəmdir. Çünki qışdan çıxmış dəri istər-istəməz həssas olur. Qışdan çıxmış dəri vitamin çatışmazlığı yaşayır. Dəri qurumağa başlayır, həssaslaşır, müəyyən səpkilər, üzdə çatlar əmələ gələ bilər. Bunlar isə daha çox günəş təsiri olan nahiyələrdə müşahidə edilir".

Kosmetoloq bu problemləri aradan qaldırmağın mümkün olduğunu da deyir. Bunun üçün isə ilk növbədə həkimə müraciət etmək lazımdır. Həkim qeyd edir ki, ən başlıca estetik problem piqmentasiyadır. Hətta kosmetologiyanın ən çətin sahələrindən biridir. Piqment ləkələrlə mübarizənin profilaktikası və müalicəsi var: "Profilaktikası SPF, yəni günəşdən qoruyan kremlərdir. Müalicəsi isə geniş spektrdan ibarət olan prosedurlardır. Bura həm mezoterapiyalar, həm pilinqlər, həm ev qulluğu, həm də lazer prosedurları daxildir. Lakin lazer prosedurlarını bu mövsümdə etmək olmaz. Tərkibində SPF faktorlu kremlər mütləqdir. Bu kremlər üzərində olan rəqəmlər həmin kremlərin nə qədər, yəni neçə faiz günəşdən qoruduğunu göstərmir. Sadəcə olaraq həmin kremlərin tərkibində neçə dənə filtt olduğunun işarəsidir. Filtrlərin sayından asılı olaraq günəşdən qoruyucu kremlər 3-4 saatdan bir üzdə yenilənməlidir. Əgər dəri günəşə qarşı həssasdırsa, bunu bir az sıx etmək olar. Qışdan başlayaraq yaza hazırlaşmaq lazımdır. Qış mövsümündə müəyyən nəmləndirici, qidalandırıcı prosedurlar etmək lazımdır ki, dəri yaza və yaya hazır olsun".

Mütəxəssis kor-koranə üzə qulluğun əleyhinə də olduğunu açıqladı. Çünki qulaqdan eşitmə müalicə üsulları dəridə daha ağır problemlərin yaranmasına səbəb olur: "Ev şəraitində özbaşına heç nə etməyin. İlk növbədə həkimə gedib dərinin növünü müəyyən edin. Bəzən pasient müəyyən problemlə gəlir, sual-cavab əsnasında məlum olur ki, illərlə üzünə quru dəri kimi qulluq edib. Bu səhv qulluq da sonradan problemlərə gətirib çıxarır. Bəzən deyirlər evdə sadəcə bir neçə maska etmişəm. Bax, evdə edilən sadə görünən bu maskalardan bir çox problemlər yaranır. Çünki kor-koranə edilir. Ona görə də ilk növbədə kosmetoloqla məsləhətləşmək lazımdır".
 
İsti yay günlərinin təbii halı olan tərləmə isə bir çoxlarını təlaşa salır. Bəzi insanların normadan daha çox tərləməsi cəmiyyətdə təcrid olunma, diskomfort hissi yaradır. Tərləmə daha çox qol altında müşahidə edilsə də, həddən artıq tərləyən insanlarda əllərin içi, ayaqların altı və bədənin büküş hissələri də tərləyir. Həddən artıq tərləmə - hiperhidroz problemi və onun həlli yollarından da danışan G.Mikayılova deyir ki, insan bədənində olan piy, tər vəziləri, tüklər və dırnaqlar dərinin əlavələri hesab olunur. Piy vəziləri dərinin yağlılığını tarazlayır, tər vəziləri dərinin nəmliyini nizamlayır və termorequlyasiya edir. Yəni tər vəziləri dərinin temperatur requlyasiyasında iştirak edən əsas amillərdən biridir. Lakin bəzi insanlarda tər vəzilərinin fəaliyyəti həddən artıq çox olur və artıq patoloji hala keçir: "Bu patoloji hala tibdə hiperhidroz deyilir. Yəni tər vəzilərinin normadan çox tər ifrazı hiperhidroz adlanır. Bu, əsasən tər vəzilərinin sıx olduğu bölgələrdə olur. Məsələn, qol altı nahiyə, ovuc içləri, ayaq altı və bədəndəki büküş hissələrdə. Xəstələr bizə əsasən qolların altı, əllərin içi və ayaqların altında müşahidə edilən həddən artıq tərləmə şikayəti ilə müraciət edirlər".

Kosmetoloq bildirir ki, həddən artıq tərləmə ilə mübarizə aparmaq psixoloji-emosionla problemlər, kompleks yaradır: "Bu cür problemi olan insanlar qarşılarındakılarla təmas edərək görüşə bilmirlər, çünki əlləri tərli olur. İnsanlarla yaxın təmasda ola bilmirlər, çünki çox zaman tərdən xoşagəlməz qoxu gəlir. Bu isə utancaqlıq yaradır. Geyimlərində qoltuq altı nahiyə hər zaman su olur və estetik baxımdan yaxşı görünmür. İnsanlar daim psixoloji gərginlik altında qalırlar, adekvat cəmiyyətə keçə bilmirlər. Xəstələr bildirir ki, tərə qarşı heç bir vasitə, ən yaxşı antipresperant belə, onlara kömək etmir. Çünki bu problem estetik problemdən çox, artıq terapevtik, yüngül sağlamlıq problemidir və xəstəlikdir. Bu pasientləri biz cəmiyyətə geri qazandırmalıyıq. Burada söhbət təkcə estetikadan yox, cəmiyyətə, ictimai həyata qaytarılmaqdan gedir".

G. Mikayılovanın sözlərinə görə, kosmetologiyada çox məşhur olan Botulotoksin A-nın köməkliyi ilə müalicəvi yolla həddən artıq tərləmənin qarşısı alınır. Problemli hissələrə müəyyən dozada həmin bu dərman vurulur və tər vəzini fəaliyyətə gətirən sinir iflic olunur. Nəticədə tər vəzinə sinirdən tər ifraz etmək əmri gəlmir. Bu halda isə tər vəzi fəaliyyətini dayandırır. Bu prosedurun insan orqanizminə heç bir ziyanı yoxdur. Prosedurdan sonra heç bir əks təsir baş vermir.
 
Tərləməyə qarşı botulina terapiyasının yeganə mənfi tərəfi müddətli olmasıdır. Yəni bu, ömürlük davam edən prosedur deyil: "Botulotoksin sadəcə inyeksiya edilən yerdə olur. O qədər kiçik dozada vurulur ki, dəridən o yana getmir. Vuran anda sinirə təsirini göstərir və sorulur. Lakin müddəti sinirin bərpa olunmasından asılıdır. İnsan orqanizmi canlı olduğu üçün daim yeniləndiyi kimi sinir də yenilənir. Sinir yeniləndiyi zaman da aktivliyi bərpa olunur və yenidən həddən artıq tərləmə baş verir. Sinir bərpa olunduqda botulotoksin də təsirini itirir".
 
Onu da qeyd edək ki, botulina terapiyası zamanı insan bədəni bütünlüklə tərləmədən xilas olmur. Botulotoksin A maddəsi tərin miqdarını sadəcə normasına salır: "Bəzən deyirlər ki, tərləmək yaxşıdır. Lakin bunun patoloji hal alması artıq xəstəlikdir. Tər normalda olmalıdır. Biz tərləməsək, bişib yanarıq. Amma artıq olduqda ziyandır. Botulotoksin təri bütünlüklə aradan götürüb qupquru etmir, artığını aradan qaldırır və sadəcə normasına salır. Əsas odur ki, lazım olan miqdarda tər vəziləri fəaliyyətdə qalır".

Milli.Az