İranda prezidentliyə namizədlərin irəli sürülməsi başa çatdı

15 Aprel 2017 16:48

Xarici güclərin Suriyada mövcudluğu həmişə problem yaradacaq və indiyədək heç bir problem həll edilməyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İran prezidenti vəzifəsinə namizədliyə iddiaçı, Məşhəddəki İmam Rza məqbərəsinə yığılan ianələri və ehsanları idarə edən fondun rəhbəri İbrahim Rəisi "Anadolu" agentliyinə müsahibəsində bildirib.

"Suriyanın taleyini suriyalıların öz ixtiyarına buraxaq", - deyə İbrahim Rəisi vurğulayıb.
Suriyada İran hərbçilərinin də mövcudluğu haqda məlumatlar var.

İ.Rəisi bildirib ki, prezident olsa, İsraildən başqa bütün dövlətlərlə qarşılıqlı hörmət əsasında ikitərəfəli münasibətlərin qurulması siyasətini yürüdəcək.

İnformasiyaya görə, o, hazırkı prezident və bu posta yenidən iddiaçı Həsən Ruhaninin əsas rəqibi sayılır. H.Ruhani də ötən gün prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün sənədlərini ölkənin Daxili İşlər Nazirliyinə təqdim edib.

Məlumata əsasən, 56 yaşlı İ.Rəisi inqilab illərində və İran - İraq müharibəsi zamanı ölkəsinin ovaxtkı ali rəhbəri ayətullah Xomeyninin təlimatları mövcud hakimiyyətə müxalif olanlar barədə edam qərarını qəbul edənlərdən ibarət "ölüm komitəsi"nin üzvlərindən olub.

Xatırladaq ki, İranda prezident seçkisinin mayın 19-da keçirilməsi planlaşdırılıb. 11 - 15 Apreldə namizədlər qeydiyyatdan keçmək üçün sənədlərini Daxili İşlər Nazirliyinə təqdim ediblər. Prezidentliyə namizədlərin adları aprelin 26-da açıqlanacaq.
Son məlumata əsasən, prezidentliyə namizəd olaraq qeydiyyatdan keçmək üçün 300 nəfər sənədlərini Daxili İşlər Nazirliyinə təqdim edib.

Milli.Az