Qarabağ danışıqlarında 3 maddəlik yeni plan - Bu, kimə sərf edir?

28 Mart 2017 14:16

"ATƏT-in Minsk qrupu həmsədrləri martın 27-də İrəvanda rəsmi görüşlər keçirdilər. Onlar əvvəlcə xarici işlər naziri Edvard Nalbandyan, daha sonra isə prezident Serj Sarkisyanla görüşdülər. Həmsədrlər Ermənistan prezidentini və xarici işlər nazirini Bakıdakı görüşlərinin nəticələri barədə məlumatlandırdılar. Həmsədrlərin qısa zaman kəsiyində Bakıya və İrəvana səfərlərinin yeganə məqsədi aprel ayının sakit keçməsinə nail olmaqdır.

Çünkü rəsmi İrəvan kimi həmsədrlər də düşünürlər ki, aprel döyüşlərinin bir illiyində Azərbaycan ordusu yenidən hərbi əməliyyat həyata keçirə bilər. Son günlərə qədər cəbhə bölgəsində nisbi atəşkəsə riayət olunur. Bu, o deməkdir ki, həm Bakı, həm də İrəvan, hələ ki, həmsədrlərə atəşkəsi qoruyacaqları ilə bağlı verdikləri vədi yerinə yetirirlər. Ancaq həmsədrlər onu da anlayırlar ki, hər an cəbhə bölgəsində vəziyyət mürəkkəbləşə bilər".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, İrəvanda keçirilən mətbuat konfransında Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland maraqlı açıqlama verib:

"Amerikalı diplomat mətbuat konfransında dedi ki, dövriyyədə plan var və o, 3 maddədən ibarətdir. Həmin 3 maddəlik plan nədir?

Dünəndən bu sual ətrafında müzakirələr gedir. Bu, yeni plan və ya yeni maddələr deyil.

Birinci maddə: Ermənistan Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmalıdır;

İkinci maddə: Azərbaycanlı məcburi köçkünlərin həmin 5 rayona geri qayıdışı təmin olunmalıdır;

Üçüncü maddə: Statusu müəyyənləşdirən referendum tarixi dəqiqləşdirilməlidir.

Birinci iki maddə Azərbaycanın maraqlarına uyğundursa, sonuncu maddədən erməni separatçıları möhkəm yapışıblar. Separatçılar birinci iki maddənin yerinə yetirilməsini üçüncü maddənin yerinə yetirilməsi ilə əlaqələndirirlər. Problem məhz ondadır ki, bu 3 maddəni birgə yerinə yetirmək mümkün deyil və həmsədrləri bunun çarəsini tapa bilmirlər. Budur amerikalı diplomatın nəzərdə tutduğu 3 maddə".

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində