Azərbaycanın məşhur kosası müflis oldu - FOTO

21 Mart 2017 11:59

Azərbaycanın milli bayramı sayılan Novruzun atributlarından olan Kosa obrazının ifaçısı Qafar Novruzlu təəssüratlarını bölüşüb.

Milli.Az yenicag.az-a istinadən bildirir ki, kefsiz olduğunu deyən Kosa bazarının bağlandığından şikayətlənib.

- Mən əsrin kosasıyam, çox bayramlar yola vermişəm. Yaxşı günlərimiz çox olub. Amma indi vəziyyət elə də ürəkaçan deyil. Yalan nə deyim. İldən-ilə Novruz bayramını cılızlaşdırıblar. Camaatda heç bayram əhval-ruhiyyəsi yoxdur, buna görə mənim də əhvalım yüksək deyil.

- Niyə, nə olub ki, xurcunu doldurmurlar daha?

- Ay rəhmətliyin qızı, camaat özünü güclə dolandırır, kimdir bizə pay verən? Çəkilişlərə gedirəm, studiyada Allahın bir xonçası da yoxdur.

- İndiyə qədər xurcununuza qoyulan ən maraqlı hədiyyəniz nə olub?

- İki yumurta.

- Heç xurcuna pul qoyanlar olur?

- Camaat özü pul tapmır, kimdi bizə pul verən?

- Bəs nə vaxt xurcuna pul qoyurlar?

- Əvvəllər verirdilər, dollar da, manat da. Ən çox qazandığım məbləğ 200 manat olub. Amma indi dolların üzünü televizorda görürük.

- Onu kim vermişdi?

- O məslək sirridir.

- Heç sizi təhqir edənlər olub?

- Yox, yalnız meydan oyunlarında bir-birimizlə güləşmişik. Bilirsiniz ki, mən Ulu Öndərin ən sevimli kosası olmuşam. O, mənə dəyər verirdi, onunla yumurta döyüşdürmüşəm. Bir də Prezidentimlə yumurta döyüşdürmüşəm.

- Heç rəqibiniz var?

- Dərdimi təzələmə, indi bizi sayan yoxdur. Klounlar çörəyimizi əlimizdən alıblar. Bayram günü bizim personajların geyimində olurlar. Qalmışıq ortalıqda, çörək ağacımızı əlimizdən alıblar.

- Bəlkə diqqət çəkmək üçün bir qədər müasirləşəsiniz, onda bazarınız da olar?

- "Skayp"ım var, arada yazışıram. Amma "Vatsap"dan-zaddan başım çıxmır, mən qədimdənqalma kosayam.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində