"Bəziləri ağlayır, bəziləri gülür, rəqs edənlər də olur"

20 Mart 2017 21:09

Braziliya millisinin eks kapitanı Jilberto Silva 2018-ci il Konfederasiyalar Kuboku barədə FİFA-nın saytının suallarını cavablandırıb. Milli.Az goal.az-a istinadən onun müsahibəsini təqdim edir.

- Siz Konfederasiyalar Kubokunu 2 dəfə qazanmısız. Bu turnirdə qalib gəlməyin sirri nədədir?

- Gərgin çalışmaq və meydanda əzmkar mübarizə. Konfederasiyalar Kubokunda qalib gəlmək istəyirsənsə, bu turnirin xüsusi statusa malik olduğunu özünə təlqin etməlisən. Rəqiblər güclü komandalardır. Kiçik arxayınlıq xoşagəlməz sürprizlə nəticələnə bilər.

- Kuboku başınız üzərində qaldıranda hansı hissləri keçirirdiniz?

- Bu mükafat çəkilən zəhmətin layiqli nəticəsidir. Ona sahib çıxanda keçirdiyin hissləri sözlə ifadə etmək mümkün deyil. Bəziləri ağlayır, bəziləri gülür, rəqs edənlər də olur. Hər kəs həmin anları özünəməxsus formada yaşayır. Yalnız zirvəyə qalxanlar bunun hansı çətinliklə başa gəldiyindən xəbərdardır. Maksimal konsentrasiya, yorucu məşqlər, hazırlıq və s.

- Oynadığınız 2 Konfederasiyalar Kuboku turnirində ən yadda qalan qarşılaşma hansıdır?

- 2009-cu il Konfederasiyalar Kubokunda ABŞ-la final görüşü. Onların etibarlı müdafiə xəttinə malik çətin rəqib olduğunu bilirdik. Amma Braziliya ilə qarşılaşan istənilən komanda kimi onlar da meydana üzərində təzyiq olmadan çıxmışdı. ABŞ-dan heç kim qələbə gözləmirdi. İlk hissədə qapımızdan 2 top buraxdıq. Fasilədən sonra vəziyyəti xeyrimizə dəyişdik. Oyunda 3:2 hesablı qələbə qazandıq. Görüş həyəcanlı məcrada keçmişdi. Heç kim matçın debütündə 2 qol buraxacağımızı düşümürdü.

- Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda favorit kimdir?

- Almaniya və Portuqaliya. Bunlardan biri dünya, digəri Avropa çempionudur. Bununla demək istəmirəm ki, onlardan biri mütləq turnirin qalibi olacaq. Konfederasiyalar Kubokuna ilk oyundan ciddi yanaşmasan, axırı pis ola bilər. Bu tunirin Dünya çempionatından 1 il əvvəl keçirildiyi üçün futbolçulara vacibdir. Hər kəs yaxşı təsir bağışlayıb növbəti il komandada yerini təmin etməyə çalışır.

- Konfederasiyalar Kubokuna gələcək hansı futbolçuları izləmək istərdiniz?

- Belə yarışlarda ən güclü futbolçular iştirak edir. Onlar futbolu bəzəyir. Kriştianu Ronaldu və Aleksis Sançezi izləmək istərdim.

Milli.A