Bir nəslin sevimlisinə çevrilmiş "Yaxşı, pis, zalım" necə ərsəyə gəldi... - FOTO

19 Mart 2017 19:47

Təxminən, 15-20 il əvvələ qədər "Yaxşı, pis, zalım" AZTv-nin sevimli filmlərindən biri idi, iki həftədən, üç həftədən bir göstərildi. Onda nə western adlı janrın varlığından xəbərim vardı, nə də Sergio Leone adlı rejissorun. Ümumiyyətlə, adlarını məktəbdə öyrəndiyim komediya, faciə və tragikomediyadan başqa heç bir janrı tanımırdım, filmlərə də rejissorlara görə yox, aktyorlara görə baxırdım və "Yaxşı, pis, zalım" hər dəfə eyni maraq və həyəcanla izlədiyim filmlərdən biri idi. Clint Eastwoodun qəhrəmanının gözlərini qıyaraq baxmasından, Eli Wallachın personajının komik vəziyyətlərə düşməyindən xoşum gəlirdi. Ennio Morriconenin ölməz musiqisindən isə heç danışmıram. Hər dəfə də baxa-baxa fikirləşirdim ki, filmin adında səhv var - yaxşı kimi təqdim olunan əslində qəddarlığı ilə digərlərindən fərqlənmir, pis, zalım kimi təqdim olunanlar da həmçinin.. Niyə belə?

* * *

"Yaxşı, pis, zalım" filmi italyan rejissoru, "spaqetti vestern" janrını "atası" sayılan Sergio Leonenin "dollar trilogiyası"nın sonuncu filmidir. İlk iki film "Bir çəngə dollara" və "Bir-ki dollar artıq" rejissora məşhurluq və doğma İtaliyada kassa rekordu qazandırmışdı. Hollivudun "United Artists" studiyası da amerikalıların Leoneni bəyənəcəyini düşünərək trilogiyanın üçüncü filmini maliyyələşdirməyi boynuna götürmüşdü. Bir milyon dollarlıq büdcəsi ilə "Yaxşı, pis, zalım", italyan rejissorunun filmoqrafiyasındakı ən bahalı layihə idi.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, filmin ssenarisinin əsasında ABŞ-da Vətəndaş müharibəsi zamanı qızıl xəzinəsi axtaran üç cinayətkar haqqında əhvalat dayanırdı. Leone ssenarini Luchano Vincencone ilə birlikdə yazmışdı. Müəlliflər, Vətəndaş müharibəsi dövrünü ekranda inandırıcı göstərə bilməkdən ötrü günlərlə ABŞ konqressinin kitabxanasından çıxmamışdılar. Ssenarinin ilk variantı 11 günə yazılmış, sonradan təkmilləşmə mərhələsində Leone mətnləri cilalamaq məqsədilə bir neçə başqa müəllifi də prosesə cəlb etmişdi.

1966-cı ilin aprelindən iyuluna qədər uzanan çəkilişlərin böyük hissəsi İspaniyada aparılmışdı.

Sergio Leone çəkiliş meydançasında ssenaridə nəzərdə tutulanları olduğu kimi reallaşdırmağa çalışır, improvizasiyalara, demək olar ki, imkan vermir, maksimum az sayda dubl eləyirdi. Üstəlik mürəkkəb səhnələrdə kaskadyorlardan istifadə olunmurdu, aktyorlar tryukları özləri həyata keçirirdilər. Daim müqavilə əsasında işləyən, hətta rol oynayanda da özəl münasibətə alışmış amerikalılar üçün bu gözlənilməz bir yenilik idi. Zalımı oynayan Eli Wallach bir dəfə, az qala, ölümlə üz-üzə qalmışdı. Onun qəhrəmanının, qolundakı qandalları qatarın altına qoyub kəsdiyi səhnədə qatar onun başından bir-iki santimetr aralı keçmişdi. Rejissor səhnənin təkrar çəkilməsini tələb eləsə də, Wallach heç bir vəchlə razılıq verməmişdi. Uzun kadrla çəkilən körpünün partlaması səhnəsində də kaskadyorlar yox, aktyorlar özləri çəkilmişdilər və partlayış nəticəsində göydən səpələnən daş qırıntıları aktyorların üzərinə tökülmüşdü.

İtaliya kinosunda baş rollara amerikalı aktyorların dəvət olunması geniş yayılmış təcrübə idi. Ona görə də, "Yaxşı, pis, zalım"da da baş rolları amerikalıların oynacağına düşünmədən qərar verilmişdi. Clint Eastwood əvvəlki iki filmdə də baş rolu oynadığından üçüncü filmdə Yaxşı obrazı, məhz, onun üçün yazılmışdı. Hərçənd o, bu filmdə olmaya da bilərdi, çünki həddindən böyük qonorar tələb etmişdi. Xoşbəxtlikdən, müəlliflər onunla razılığa gələ bilmişdilər, yoxsa kinosevərlər Eastwoodun möhtəşəm "Yaxşı"sından məhrum qalardılar.

Lee Van Cleef üçünsə Pis obrazına dəvət almaq gözlənilməz olmuşdu. Belə ki, aktyor bundan əvvəl mənfi rollarda çəkilməmişdi. Üstəlik çəkilişlərdən bir müddət əvvəl ağır avtomobil qəzası keçirmişdi və çətinliklə yeriyirdi. Bununla belə rolunu o qədər yaxşı canlandırmışdı ki, kino tarixində müsbət, gülməli personajları ilə yox, "Pis" olaraq qalmışdı.

O ki qaldı "Zalım" Eli Wallacha, o, bu obraz üçün bütün istedadını işə salmış və çoxqatlı bir qəhrəman yarada bilmişdi.

Leone ikinci dərəcəli rolların ifaçılarını da diqqətlə seçmişdi. Nəticədə film fakturalı, xarakterik simalara malik obrazlarla zəngindir.

Ekranlara çıxandan sonra uzun müddət həddini aşan zorakılıqda və darıxdırıcı olmaqda ittiham edilsə də, "Yaxşı, pis, zalım" filmi 20 ildən sonra layiq olduğu uğura qovuşa bilmişdi - spaqetti-vestern janrının etalonuna çevrilmişdi. Bu film, klassik amerikan vesterninin italyansayağı variantı idi.

Ekran əsərində dialoqlardan çox az istifadə olunur, ilk söz, film başlayandan, təxminən, on dəqiqə sonra eşidilir - Sergio Leone üçün kinoda sonsuz dialoqlar zəiflik əlaməti sayılırdı. Leonenin qəhrəmanları da ənənəvi vestern qəhrəmanlarından fərqlənirdi. Vestern janrı üçün personajların mənfilərə və müsbətlərə dəqiq bölünməsi xasdır. Burda isə onlar ikili xarakterə sahibdirlər.

Klassik vesternlərdə Vəhşi Qərb poetik təsvir olunur, Amma Leone onu, zorakılıq, günah və ölüm məkanı hesab edirdi. Vətəndaş müharibəsi ilə bağlı səhnələrdə isə rejissor müharibənin dəhşətlərini və mənasızlığını göstərməyə çalışmışdı.

Janrın ənənəvi qəliblərini dağıtdığına görə tənqidçilər "Yaxşı, pis, zalım" filmini kinoda postmodernizmin carçısı adlandırırlar. Elə başqa əsərlərdən götürülmüş motivlər, obrazlar və sitatlar da bunu təsdiqləyir. Məsələn, Yaxşı ilə Tukonun bandası arasındakı atışma səhnəsi John Fordun klassik "Mənim əziz Klementinam" filmindəki oxşar səhnəni xatırladır. Qatara bağlanmış insan epizodu isə Buster Keatonun ""General" paravozu" filminə göndərmədir.

Sergio Leone filmi oyun kimi qurmuşdu - burda dəqiq heç nə yoxdur, heç nə göründüyü kimi deyildi. Buna görə də Yaxşı ilə pisin arasında ciddi fərq yoxdu və zalım daha çox yaxşılıq edir...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində