Bayram yarmarkaları - Bəzi məhsullar bazardakından da bahadır - FOTO

19 Mart 2017 12:28

Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi bayram yarmarkaları artıq 3 gündür fəaliyyətə başlayıb. Bakıda beş, Sumqayıtda iki ərazidə təşkil olunan yarmarkalarda yerli məhsullarla yanaşı, xaricdən idxal olunan məhsullar da satışa çıxarılıb. Halbuki, nazirlik yalnız yerli məhsulların satışa çıxarılacağını, üstəlik yarmarkaya çıxarılan məhsulların bazarlardakı qiymətlərə nisbətən 20-30 faiz ucuz satılacağını vəd etmişdi.

Milli.Az xəbər verir ki, virtualaz.org saytının əməkdaşlarının yarmarkalarda apardığı müşahidələrə əsasən isə, martın əvvəlinə nisbətən ayın 16-dan meyvə-tərəvəz məhsullarının qiymətində bahalaşma olub. Məsələn, ayın əvvəlində 2 manat 50 qəpiyə satılan bananın qiyməti 3 manat 50 - 3 manat 80 qəpiyədək yüksəlib. 1 manat 80 qəpiyə satılan portağal 2 manat 50 - 3 manata, cənub bölgəsindən gətirilən naringi isə 4 manata təklif edilir.

Xətai rayonu, Məzahir Rüstəmov küçəsindəki ("Bakı" kinoteatrının yaxınlığı) yarmarkada alıcı sıxlığı müşahidə edilib. Lakin alıcıların əksəriyyəti bahalıqdan şikayətçidir.

Novruz süfrəsinin bəzəyi olan çərəzlərin qiymətində də artım var. Məsələn, Qəbələ, İsmayıllı və Zaqataladan gətirilən şabalıdın qiymətində 2 manat artım var. Qoz və fındıq ləpəsi, ərik də bahalaşan məhsulların arasındadır.

Beləliklə qiyməti təqdim edirik:

Qabıqlı qozun bir kiloqramı: 7-10 manat.

Qoz ləpəsi 20-35 manat

Fındıq: 8-12 manat

Fındıq ləpəsi: 14-20

Ərik: 7 manat 50 qəpik-12 manat.

Gavalı: 6-7 manat

Quru alça: 6 -7 manat

Kişmiş: 6-15 manat

İnnab: 8-10 manat

Badam: 15-30 manat

Yarmarkaya çıxarılan məhsulların birbaşa rayonlardan gətirildiyi iddia olunur. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, İrandan, Gürcüstandan, Özbəkistandan gətirilən məhsullar da yerli mal kimi satışdadır.

Heyva, alma, nar, üzümün də qiymətində 50 qəpik - 1 manat bahalaşma var. Nar 2 manat, banan 3 manat 50 qəpik-4 manat, portağal 2 manat 50 qəpik, alma 80 qəpik-2 manat, üzüm 2 manata satılır. Xiyar 3-6 manat, pomidor 3 manat 50 qəpik-4 manat, göyərti 20 qəpikdir.

Yarmarkada diqqət çəkən məqamlardan biri də kartofun qiymətidir. Təxminən 10 gün əvvəl 60-80 qəpiyə satılan kartof 1 manat-1 manat 20 qəpik olub. Gədəbəy və Tovuzdan gətirildiyi iddia edilən kartof 1 manat 20 qəpikdən təklif olunur.

Satıcılar deyirlər ki, kartofun bahalaşmasının bayramla əlaqəsi yoxdur.

"Hava şəraitinə görə məhsul az olub. Gədəbəydən gələn kəndlilər səhər kartofun kilosunu 90 qəpikdən satdılar", - Nəriman adlı satıcı deyir və əlavə edir ki, 60-80 qəpiyə satılan kartof Gürcüstandan gətirilib.

Yarmarkaya çıxarılan ətin qiyməti vəd olunduğu kimi 7-8 manatadır. Amma diri toyuq, hind quşu və ördəyin qiymətində kəskin artım var. Hazırda hind quşunun kiloqramı 10-12 manata satılır. Diri toyuq 9-10 manat, ördək isə 10 manata satılır. Təmizlənmiş toyuğun kiloqramı 6-7, buzlanmış toyuğun kiloqramını isə 5 manata satırlar.

Kənd yumurtası 20 qəpiyə satışa çıxarılıb. Balığın qiymətində də artım var.

"Bazarlardakı qiymətlə yarmarkadakı qiymətin fərqi yoxdur. Hətta əksinə, bazarlarda kartofu 80 qəpiyə, almanı 50 qəpiyə alırdıq. Qozun, fındığın da qiyməti fərqli deyil", -alıcı narazılıq edir.

Yarmarkanın ət satışı bölməsində alıcı sıxlığı var. "Qoyun əti 7, mal əti 8 manatdır", - Asif adlı satıcılardan biri deyir.

Onun sözlərinə görə, İmişlidəki fermasından gətirdiyi heyvanları 2 gündə sata bilib. "Heyvanları baytar nəzarətindən keçiriblər, Yer pulu verməmişəm, daşınmasına da köməklik göstərilib. Buna görə də bu qiymətə satış sərf edir", - Asif əlavə edir.

Amma qəssablardan fərqli olaraq quş əti satıcıları alıcı qıtlığından narazıdırlar. "Yeni il ərəfəsində şənbə-bazar günləri 40 hind quşu satmışam. Lakin son 3 gündə cəmi 4-5 hind quşu, 6 toyuq sata bildim", - satıcılardan biri gileylənir.

Satıcılar yarmarkanın son günü qiymətlərin dəyişməyəcəyini də söylədilər.

Milli.Az