Yunanıstan gimnastı Dünya Kubokunda halqalarda qızıl medal qazanıb

18 Mart 2017 17:40

Yunanıstan gimnastı Elefterios Petrunias Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda halqalarda qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, 15.466 xal toplayıb.

İkinci yeri 14.766 xalla yaponiyalı gimnast Kazuyuki Takeda, üçüncü yeri isə 14.233 xalla ukraynalı gimnast Yevgeni Yudenkov tutublar.

Bu gün kişilər arasında sərbəst hərəkətlərdə, paralel qollar və halqalarda, qadınlar arasında isə dayaqla tullanmada və müxtəlif hündürlüklü qollarda final yarışları keçirilir. Azərbaycanı bu gün kişilər arasında sərbəst hərəkətlərdə və paralel qollarda Murad Ağarzayev, qadınlar arasında isə müxtəlif hündürlüklü qollarda Yuliya İnşina və Yekaterina Tişkova, dayaqla tullanmada isə Marina Nekrasova təmsil edirlər. Bu gün ümumilikdə 10 dəst medal uğrunda mübarizə aparılır.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-da başa çatacaq. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk iki günü təsnifat mərhələləri üzrə yarışlar keçirilib, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Milli.Az