Ənənənin yüksək formada davamı - Bakı artıq dünyaya mesaj verir

18 Mart 2017 14:06

"V Bakı Qlobal Forumu çox yüksək səviyyədə və uğurla keçdi. Azərbaycan prezidenti İlham Əliyevin Forumdakı çıxışı isə bütün dünyaya əsl mesaj oldu".

Bu barədə Milli.Az-a "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov V Bakı Qlobal Forumunun əhəmiyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin V Bakı Qlobal Forumunun açılışındakı çıxışı xüsusi vurğulanmalıdır, çünki o bütün dünyaya bir mesaj oldu: "Dövlət başçısının çıxışında Azərbaycan rəhbərliyinin dünya ictimaiyyətinə sülhün, iqtisadi inkişafın və stabilliyin möhkəmlənməsinə yönəlmiş prinspləri və əsas fəaliyyəti açıqlanıb. Dövlət başçısı dünyada baş verən mühüm proseslərə, Azərbaycanın beynəlxalq sistemdə tutduğu yerə, ölkəmizin problemlərinə, qazancı və uğurlarına toxdundu. Prezident Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verdi, eləcə də onun həlli ilə bağlı Azərbaycan dövlətinin və rəhbərliyinin mövqeyini açıqladı. Bu məsələdə Azərbaycan konkret və dəqiq mövqe tutur: münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll edilməlidir.

Dövlət başçısı Azərbaycanın reallaşdırdığı və bütün region üçün mühüm siyasi və iqtisadi əhəmiyyət kəsb edən iqtisadi proqramlara da toxunub. Azərbaycanın enerji siyasəti də regionun inkişafına və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlib".

E.Ələsgərov bildirdi ki, bundan əlavə, prezidentin köməkçisi Əli Həsənovun çıxışını xüsusi qeyd etmək lazımdır: "O, Qarabağ məsələsində BMT-nin passivliyi və bu böyük təşkilatın iş üslubunun dəyişməsinin vacibliyi barədə fikirlər səsləndirib. Belə ki, BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnamənin icrasında passivlik göstərir. Amma dünyada baş verən digər münaqişələrlə və hadisələrlə bağlı sanksiyalar tətbiq edir, qətnamələrin icrasına ciddi yanaşır. Bu isə yolverilməzdir".

E.Ələsgərovun fikrincə, Bakı siyasi və iqtisadi ekspertlər üçün mühüm mərkəz olaraq qalır: "Azərbaycanda Avrovizya, Avropa Oyunları, İslam Həmrəylik Oyunları, Formula 1 yarışları, humanitar forumlar, ABŞ və Rusiya Silahlı Qüvvələrinin rəhbərlərinin görüşü keçirilib. Bakı Qlobal Forumu bu ənənənin yüksək formada davamıdır. Bu göstərir ki, Azərbaycan dünyada baş verən porseslərin müzakirə olunduğu əsas platformalardan birinə çevrilib. Bu Forumda da əsasən dünyada baş verən siyasi hadisələrə və gələcək perspektivlərə toxunulub. Bu qlobal forumda dünyanın hər yerindən, Avropadan, Amerikadan, ərəb ölkələrindən, eləcə də postsovet respublikalarından təmsilçilər, həmçinin bir neçə hazırki və sabiq dövlət və hökumət başçıları iştirak edib, öz mövqeyini dünyadakı yerini, gələcəkdəki proseslərlə bağlı fikirlərini bildiriblər. Bu baxımdan Gürcüstan, Serbiya və Bolqarıstan prezidentlərinin, eləcə də Ərəb Dövlətləri Liqasının keçmiş rəhbəri Əbu Musanın çıxışını xüsusi qeyd etmək lazımdır. Bu şəxslər mövcud problemlərdən və onlardan çıxış yollarından danışıblar. Bundan başqa, ABŞ nümayəndəsinin Trampın prezident seçilməsindən sonra yaranan vəziyyət və gələcək siyasəti barədə, Baltikyanı ölkələrin keçmiş və hazırki rəhbərlərinin Avropa Birliyinə inteqrasiya barədə, həmçinin digər tanınmış ekspertlərin Forumun gündəliyindəki məsələlərlə bağlı mülahizələri böyük maraq doğurub".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.comFacebookTwitter və Youtube  resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində