Rusiyalılar yuxuda ən çox kimi görür?

18 Mart 2017 22:05

"Yandex" rusiyalıların axtarış sisteminə daxil etdikləri sorğuların əsasında "yuxu xəritəsi" hazırlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,Rusiya vətəndaşlarının yuxuda tez-tez gördükləri yeganə insan Vladimir Putindir. Prezident daha çox Çeçenistandakıların yuxusuna girir.
 
Təhlilçilər qadın və kişi yuxularını ayırıblar. Aydın olub ki, qadınların yuxu haqqında sorğularında "insan", "körpə", "hamiləlik", "balıq", "oğlan" sözlərinə daha çox rast gəlmək olur. Kişilərdə isə "ilan", "insan", "qız" və "diş" sözlərinə daha çox rast gəlinir. Heyvanlardan ən çox it, pişik və siçovul insanların yuxusuna girir.  Yuxularda ən populyar rəng ağ, ən populyar əməl isə ölümdür.
 
"Yandex" Rusiyanın regionlarından daxil olan sorğularda hansı sözlərin daha çox istifadə edildiyini də müəyyənləşdirib. Məsələn, Çelyabinsk vilayətində insanların yuxusuna meteorit girir. Kursk, Lipetsk, Orlov və Ryazan vilayətlərində dini məzmunlu yuxular daha populyardırlar. Onların yuxuları müqəddəslərlə, din xadimləri və ikonalarla bağlı olur.
 
Hesabatda qeyd edilir ki, rusiyalıların yuxuları ətraf mühitdən asılı olaraq dəyişir. Belə ki, Krımda insanlar yuxuda dəniz, delfin və dalğalar görür. Stavropol vilayətində yunan cevizi və ərik, Altay və Tuvada dağlar, Kamçatka, Çukotka və Yakutiyada isə ayı görürlər.
 
Moskva və Sankt-Peterburq sakinlərinin yuxularında metro üstündür.
 
Rusiyalılar yuxu yozmaq üçün axtarış sisteminə tez-tez müraciət edirlər. Hesabatda deyilir ki, hər həftə "Yandex" istifadəçilərindən bu barədə yarım milyondan artıq sorğu gəlir.
 
Qeyd edək ki, araşdırma 2016-cı il sentyabrın 1-dən 2017-ci il fevralın 1-nə qədər olan vaxtı əhatə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində