Başqalarının işlərinin düyününü açana, Allah hər nə istəsə verər

18 Mart 2017 21:50

Başqalarına yardım etmək və işlərinin düyününü açmaq insanı elə bir ali məqama çatdırar ki, heç özü də onun intizarını çəkməmişdir. Bu bayram günlərində hər kəsin evində bir qazan qaynayır. Ancaq bəzi insanlar vardır ki, iqtisadi ağır zaman onlara daha çox təsir qoyduğu üçün bayram süfrələri boşdur və uşaqlarının yanında xəcalətlidirlər. Ona görə də əgər hər birimiz az da olsa, bu insanların ehtiyaclarına diqqət göstərsək və onlara maddi yardım etsək, necə də gözəl iş görmüş olarıq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu gözəl əməlin bərəkətləri ilə tanış olaq:
1. Behiştdə cavidan qalmaq. "Beləliklə, Allah bu sözlərinin müqabilində onları (ev və ağaclarının) altından çaylar axan cənnətlərlə mükafatlandırdı ki, orada əbədi qalacaqlar. Budur yaxşı işlər görənlərin mükafatı". ("Maidə" 85).
2. Şirin həyat. "Etdiyiniz yaxşı əməllərin müqabilində mükafat olaraq yeyin və için, sizə nuş olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq". ("Mursəlat" 43-44).
3. Dünya və axirət mükafatı. "Beləliklə, Allah onlara bu dünyanın mükafatını və axirətin gözəl mükafatını əta etdi. Allah yaxşılıq edənləri sevir". ("Ali-İmran" 148).
4. Hər nə istəsələr. "Onlar üçün Rəbblərinin yanında istədikləri şey vardır. Budur yaxşı əməl sahiblərinin mükafatı!". ("Zumər" 34).
Allah çətinlikdə olanlara isə buyurur: "Allah hər hansı çətinlikdən sonra tezliklə bir asanlıq yaradar". ("Təlaq" 7).
O kəslər ki, yardım əlini uzatmaqdan çəkinər, Allah onlara buyurar: "(Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb, onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ". ("Tövbə" 34).
Ona görə də bu bayram günlərində ətrafımıza diqqət edək və ehtiyacı olanlara yardım etməyə çalışaq. Çünki bu əməl bizi insanlığın ən ali dərəcəsinə çatdıracaqdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində