Olimpiya çempionu: "Bakıdakı Dünya Kuboku Melburndakı yarışlardan çətindir"

17 Mart 2017 19:32

"Bakıda keçirilən Dünya Kuboku bu ilin fevral ayında Melburnda keçirilən yarışlardan daha çətindir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə macarıstanlı gimnast, Olimpiya çempionu Kristian Berke deyib.

Gimnast bildirib: "Bakıdakı yarışlar yüksək səviyyədə təşkil olunub. Gimnastlar üçün yaxşı şərait yaradılıb".

İdmançı daha sonra vurğulayıb ki, onun üçün bu günkü yarışlar podium məşqlərindən daha yaxşı keçib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində