Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat ayrılıb

17 Mart 2017 18:17

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında sərəncam imzalayıb.

Zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik Azərbaycan ən qədim sivilizasiya mərkəzlərindən biri olub, uzun əsrlərdən bəri müxtəlif dinlərə mənsub insanların dostluq və əmin-amanlıq şəraitində yaşadığı diyardır. Burada ümumbəşəri dəyərləri ehtiva etməklə ölkəmizin İslam aləmində özünəməxsus mövqeyi ilə seçilməsinə yol açan və onu eyni zamanda dinlərarası dialoqun bənzərsiz məkanı olaraq tanıdan yeni mühit təşəkkül tapmışdır.

2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi beynəlxalq ictimaiyyət tərəfindən zamanın çağırışlarına cavab verən çox əhəmiyyətli addım kimi böyük rəğbətlə qarşılanmışdır.

"İslam Həmrəyliyi İli" çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Azərbaycanın müxtəlif bölgələrində məscid və ziyarətgahlarda, ictimai yerlərdə tanınmış dövlət və din xadimlərinin, müxtəlif dini konfessiya üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər, habelə bir sıra xarici ölkələrdə konfranslar keçirilməsi nəzərdə tutulur.

Sərəncamda qeyd olunur ki, İslam dini dəyərlərinin qorunub saxlanılması, təbliği və bu sahədə beynəlxalq səviyyədə əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində silsilə tədbirlərin həyata keçirilməsi məqsədilə "İslam Həmrəyliyi İli" çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək tədbirlərin maddi təminatı üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Milli.Az