Vüqar Rəhimzadə: "Azərbaycanın müəllifi olduğu layihələr dünyaya sülh, sabitlik və inkişaf vəd edir"

17 Mart 2017 17:46

"Hər zaman müasir dövrün qlobal çağırışlarına cavab verən Azərbaycan artıq uzun illərdir ki, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Günbəgün yeniləşən, inkişaf edən Bakı bütün dünyanı narahat edən problemlərin, mühüm məsələlərin müzakirə məkanına çevrilib. Bu mənada V Qlobal Bakı Forumunu xüsusi olaraq vurğulamaq lazımdır".

Milli.Az xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Forumun əhəmiyyətindən danışan Vüqar Rəhimzadə qeyd edib ki, "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan builki tədbir ölkəmizin tanıdılması, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm platformadır: "Məlum olduğu kimi, Forumda 56 ölkədən 300 nəfərədək nümayəndə, nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər, o cümlədən 40-dan çox fəaliyyətdə olan və sabiq prezident, baş nazir və parlament sədrləri iştirak edir. Elə bu fakt onu deməyə əsas verir ki, V Qlobal Bakı Forumu dünyanın diqqət mərkəzindədir və tədbirə olan maraq ilbəil artır."

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Forumun rəsmi açılışı mərasimində möhtərəm Prezidentimiz İlham Əliyevin dərin məzmunlu nitqi tədbirdə iştirak edən yüksək səviyyəli qonaqlarda ölkəmizlə bağlı daha dolğun təsəvvür yaradıb, həqiqətlərimizin təbliğində müstəsna rol oynayıb: "Dövlətimizin başçısı xüsusi olaraq qeyd edib ki, Azərbaycan erməni təcavüzü, torpaqlarımızın işğalı nəticəsində müharibə və humanitar fəlakətdən əziyyət çəkir. İşğal faktı 20 ildən çoxdur ki, davam edir, ərazilərimizin 20 faizi-Dağlıq Qarabağ və ətraf 7 rayon düşmən tapdağı altındadır. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Möhtərəm Prezidentimiz münaqişə ilə bağlı qəbul edilən qətnamələrin kağız üzərində qaldığını bəyan edib və diqqətə çatdırıb ki, Ermənistan onlara məhəl qoymur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və sənədlərdə dərhal və qeyd-şərtsiz olaraq Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması tələb edilir. Bütün bunlar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərarların icrası mexanizminin mövcud olmamasını nümayiş etdirir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qərarları bir neçə gün, hətta bir neçə saat içərisində icra olunur. Azərbayacana gəldikdə isə artıq 25 il keçir və hələ də irəliləyiş yoxdur. Bu, ikili standartların nümunəsidir. Göründüyü kimi, möhtərəm Prezidentimiz bu ali tribunadan bir daha qətiyyətlə bildirib ki, münaqişənin həlli beynəlxalq hüquqa əsaslanmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Çünki bir regionda və dünyada təhlükəsizliyin təmin edilməsindən danışırıqsa bu cür münaqişələr ədalətli şəkildə öz həllini tapmalıdır. Çünki bütün bunlar sülh və sabitliyə təhlükədir."

V.Rəhimzadə əlavə edib ki, ötən 14 ildə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə yoxsulluğun səviyyəsi 6 faizə, işsizlik isə 5 faizə enib: "Möhtərəm Prezidentimiz İlham Əliyev nitqində iqtisadi artımla yanaşı, "Cənub Qaz Dəhlizi" layihəsi barədə də məlumat verib. Dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, bu, XXI əsrin layihəsidir və dəyəri 40 milyard dollardır. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniya "Cənub Qaz Dəhlizi"nin üzvüdürlər. Daha üç Balkan ölkəsi - Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina isə layihənin növbəti mərhələsində bizim tərəfdaşlarımız olacaq. Layihə enerji təhlükəsizliyinə, regional əməkdaşlığa töhfədir. "Cənub Qaz Dəhlizi" layihəsinə üzv olan ölkələr artıq təbii, uzunmüddətli tərəfdaşlara çevriliblər.

Göründüyü kimi, ölkəmiz əməkdaşlığın yeni formatlarının əsasını qoyub. Azərbaycanın müəllifi və iştirakçısı olduğu layihələr isə dünyaya sülh, sabitlik və inkişaf vəd edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində