Konstitusiya Məhkəməsi Vergilər Nazirliyinin qərarını LƏĞV ETDİ

17 Mart 2017 15:19

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.

Milli.Az xəbər verir ki, Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən report-a verilən məlumata görə, A.Aslanovun və L.Səbizovanın şikayətləri üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 18 may tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçilərin və cavabverən orqanın nümayəndələrinin, mütəxəssislərin, habelə məhkəmə instansiyalarında tərəf qismində iştirak etmiş şəxsin nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Adil Aslanovun Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı vergi orqanının əlavə vergi məbləğinin hesablanması barədə qərarlarının ləğv edilməsi və sadələşdirilmiş vergiödəyicisi mükəlləfiyyətinin dəyişdirilməsinə qadağa qoyulması tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 18 may tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II hissələrinə, 73-cü maddəsinin II hissəsinə və İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq, Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Leyla Səbizovanın Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı vergi orqanının 2015-ci il 5 may tarixli qərarının ləğv edilməsi və sadələşdirilmiş vergiödəyicisi mükəlləfiyyətinin bərpa edilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 18 may tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II hissələrinə, 73-cü maddəsinin II hissəsinə və İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq, Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində