Aparat rəhbəri: "12 illik təhsilə keçid köklü dəyişikliklər tələb edir"

17 Mart 2017 13:44

Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev APA-ya müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- 2016-cı il təhsil sahəsində hansı yeniliklər və uğurlarla yadda qalıb. 2017-ci ildən gözləntilər nədir?
 
- Ötən il təhsil sistemində bir sıra mühüm yeniliklərə imza atılıb. Təhsildə keyfiyyətin yüksəldilməsi ən vacib məsələ olduğundan əsas fəaliyyət bu istiqamətə yönəlib. Bu baxımdan ötən il ölkə üzrə təmayülləşmənin genişləndirilməsi, diaqnostik qiymətləndirmənin davam etdirilməsi, müəllimlərin işə qəbulu zamanı namizədlərin göstərdiyi nəticələrin yüksəlməsi, təhsil işçilərinin və məktəb idarəedənlərin peşəkarlığının artırılması təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər sırasında olub. Eyni zamanda ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarında müsbət dinamika müşahidə edilib. Görülən işlərdən ölkənin bütün rayon və şəhərlərinin ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılması xüsusi vurğulanmalıdır. Bildiyiniz kimi, məktəbəhazırlıq təhsili ilə bağlı ilkin olaraq pilot layihə tətbiq etdik, nəticələri çox uğurlu oldu. Buna görə də Nazirlər Kabinetinin qərarı ilə ötən ildən məktəbəhazırlıq təhsili respublika səviyyəsində və dövlət hesabına tətbiq edildi. Bu gün ölkə üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 mindən çoxdur. Beləliklə,  məktəbəqədər hazırlıqla əhatə olunma 55 faizlik səviyyəyə çatdırıldı.
 
Qeyd etdiklərimlə yanaşı, ötən il təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, tələbə köçürülmələrinin elektron portal vasitəsilə aparılması, şəffaflığın təmin edilməsi, "Maarifçi" Tələbə Kredit Fondunun, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, Fransız-Azərbaycan Universitetinin (UFAZ) fəaliyyətə başlaması ilə də yadda qalıb. 2016-cı ildə təhsil sahəsində qazanılan nailiyyətlər bu ilə daha nikbin baxmağa imkan yaradır.
 
- Zaman-zaman məktəb dərsliklərin məzmunu ilə bağlı cəmiyyətdə müəyyən müzakirələr olur. Təhsil Nazirliyinə dərsliklərin hazırlanması ilə bağlı verilən səlahiyyət hansı dəyişikliklərə səbəb ola bilər? Bu sahədə mövcud problemləri aradan qaldıra bilərmi?
 
- Dərsliklərin məzmunu dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də diqqət mərkəzində olan, həssaslıqla yanaşılan bir məsələdir. Bu, təbii prosesdir və əslində cəmiyyətin dərsliklərin məzmununa göstərdiyi diqqət sevindirici məqamdır.
 
Səlahiyyət dedikdə yəqin ki, Nazirlər Kabinetinin ehtiyat dərslik komplektlərinin yaranması haqqındakı son sərəncamını nəzərdə tutursunuz. Burada məsələnin mahiyyəti ondan ibarətdir ki, artıq Təhsil Nazirliyi mövcud tender prosedurlarından kənar, birbaşa müqavilə əsasında dərslik komplekti hazırlatdıra bilər. Proses necə tənzimlənməlidir, mexanizm necə qurulmalıdır - bu, nazirlikdə hazırda da davam edən çoxsaylı müzakirələrin mövzusudur və bu istiqamətdə beynəlxalq təcrübə öyrənilir.  Ümumiyyətlə, mexanizm Təhsil Nazirliyinin birbaşa təşəbbüsü, Təhsil Nazirliyinin tabeliyində olan hər hansı bir qurumun dəstək və təşəbbüsü və ya yerli təşkilatların dərslik sahəsində beynəlxalq səviyyədə fəaliyyət göstərən xarici nəşriyyatlarla qurduğu tərəfdaşlıq nəticəsində formalaşdırıla bilər.
 
- İkinci yarımildən tədris planında əlavə fənn və məşğələlərə ayrılan saatların azaldılması, "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun dayandırılması müəllimlər arasında müəyyən narazılıqlar yaradıb. Müəllimlər bu halın əmək haqlarına mənfi təsir göstərdiyini bildirir. Tədris planında müəyyən dəyişikliklərin edilməsi müəllimlərin əmək haqqına nə dərəcədə təsir edib?
 
- Gəlin, bu məsələyə müəllimlərin əməkhaqqına təsiri tərəfindən baxmayaq. Tədris planlarında müəyyən dəyişikliklər ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesini ağırlaşdıran amillərin aradan qaldırılması və şagirdlərin həftəlik təlim yükünün optimallaşdırılması  məqsədilə edilib.
 
Artıq Təhsil Nazirliyi mövcud tender prosedurlarından kənar, birbaşa müqavilə əsasında dərslik komplekti hazırlatdıra bilər
 
Bu zaman beşgünlük tədris həftəsinin tətbiqində səmərəliliyin artırılması nəzərə alınıb. Dəyişikliyə əsasən, dərs ilinin ikinci yarımilindən tətbiq olunmaqla dərsdən kənar, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlar nisbətən azaldılıb. Bununla bağlı bəzi müəllimlərin dərs yükündə yaranmış azalmaların aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilir.
 
- Azərbaycanda 12 illik təhsilə keçid istiqamətində hansı işlər görülür? Bu məsələ ətrafında müzakirələr hazırda hansı mərhələdədir?
 
- Məlumdur ki, 12 illik ümumi təhsilə keçid hazırda əsas hədəflərdən biridir. Statistikaya görə, dünyanın əksər ölkələrində artıq 12 illik ümumi təhsil modeli tətbiq olunur, bəzi ölkələrdə bu müddət daha da artıqdır. Əlbəttə, Azərbaycan bu mütərəqqi təcrübədən kənarda qala bilməz, bir halda ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tədqiqatları göstərir ki, hər hansı bir ölkədə təhsil müddətinin bir il artırılması ÜDM-nin 3-6 faiz artmasına gətirib çıxarır. Eyni zamanda təhsilalanların gələcək uğurlarının, ölkənin iqtisadi imkanlarının və davamlı inkişaf indeksinin artmasına müsbət təsir edir. Bununla belə, 12 illik ümumi təhsil modelinə keçmək elə də sadə proses deyil. Buna ciddi hazırlaşmaq, imkanları əsaslı şəkildə təhlil etmək, xüsusilə ictimai rəyi öyrənmək lazımdır. 12 illik ümumi təhsilə keçid dövlət təhsil standartlarında, fənn proqramlarında köklü dəyişiklik aparmağı tələb edir.
 
"Dəyişikliklər nəticəsində bəzi müəllimlərin dərs yükündəki azalmanı aradan qaldırmaq üçün tədbirlər müəyyənləşdirilir"
 
Eləcə də bu keçid yeni dərsliklər yaratmaq, pedaqoji kadr heyətini keyfiyyətcə yaxşılaşdırmaq zərurəti ilə müşayiət olunur.   
 
İndiyə qədər 12 illik ümumi təhsilin mahiyyəti, əhəmiyyəti, qarşıda duran vəzifələr barədə yerlərdə maarifləndirici tədbirlər təşkil olunub. Biz təhsil işçilərinin rəy və təkliflərini mütəmadi dinləyir, 12 illik təhsilin formatının müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparırıq. Bu işlər hazırda da davam etdirilir. 
 
- Təhsil Nazirliyinə müraciətlərin ilk sırasında nostrifikasiya ilə bağlı müraciətlər yer alır. Xarici ölkə universitetlərinin diplomlarının tanınması qaydalarına hər hansı dəyişikliklər mümkündürmü?
 
- Xarici ali təhsil sənədlərinin tanınması hazırda Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları ilə tənzimlənir. Artıq yeni qaydalar işlənilib və ilkin layihə Təhsil Nazirliyində baxılma mərhələsindədir.
 
- Ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı hansı işlər aparılır?
 
- Ali təhsil müəssisələrində akkreditasiyalar təsdiq olunmuş müvafiq qrafikə uyğun olaraq 2016-cı ildə həyata keçirilib. Yeddi ali təhsil müəssisəsinin akkreditasiyası yekunlaşdırılıb. Bu barədə Akkreditasiya Komissiyası sədrlərinin təqdim etdikləri yekun arayışlara baxılıb və onların Akkreditasiya Şurasının müzakirəsinə çıxarılması ilə bağlı müvafiq idarə tərəfindən nazirliyə təqdimat göndərilib. Hazırda ötən ilin noyabr-dekabr aylarında keçirilən akkreditasiyalarla bağlı Akkreditasiya Komissiyası tərəfindən təqdim edilən yekun hesabatlar təhlil edilir. Təkliflərin yaxın zamanda Akkreditasiya Şurasına göndərilməsi planlaşdırılır. Həmçinin Azərbaycan Dövlət Dəniz Akademiyası və Xəzər Universitetinin akkreditasiyası ilə bağlı işlər həyata keçirilir.
 
Bundan əlavə, normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə də işlər davam etdirilir. "Ali təhsil müəssisələrinin və təhsil proqramlarının akkreditasiya Qaydaları", "Ali təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən akkreditasiya meyarları" və "Ali və orta ixtisas təhsili müəssisələrində yeni ixtisasların açılmasına dair Qaydalar", həmçinin "Akkreditasiya işinin təşkili ilə bağlı təlimat" kitabçasının hazırlanması üzərində işlər yekunlaşmaq üzrədir. Yeni sənədlərin işlənilməsi zamanı beynəlxalq təcrübə və qonşu ölkələrin bu istiqamətdəki fəaliyyəti yaxından öyrənilib. Həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı Finlandiya və Estoniyadan olan ali təhsilin keyfiyyət təminatı üzrə tanınmış ekspertlərlə birgə müzakirələr aparılıb.
 
Xarici ali təhsil sənədlərinin tanınması ilə bağlı yeni qaydalar hazırlanıb
 
Cari ilin mart və aprel aylarında Tvinninq layihəsi çərçivəsində pilot layihə olaraq üç ali məktəbdə qiymətləndirmə məqsədilə xarici ekspertlərlə birgə işlər aparılması nəzərdə tutulur. Bu tədbirlə Avropa ali təhsilin keyfiyyət təminatı üzrə standart və təlimatlarına uyğun hazırlanmış meyarlar əsasında həyata keçiriləcək. Həmçinin digər bir sıra sənədlərin təkmilləşdirilməsi istiqamətində də işlər aparılması planlaşdırılır. Bunlar "Orta ixtisas təhsil müəssisələri üçün akkreditasiya qaydaları və standartları", "İlk-peşə ixtisas təhsil müəssisələri üçün akkreditasiya qaydaları və standartları", "Ümumtəhsil müəssisələri üçün akkreditasiya qaydaları və standartları"dır.
 
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi nailiyyətlərdən biri kimi ötən ilin dekabrında "Təhsilin keyfiyyətinin təminatında akkreditasiyanın rolu" mövzusunda beynəlxalq konfransın təşkilini qeyd edə bilərik. Bu konfransın keçirilməsi akkreditasiya işinin həm yerli, həm də beynəlxalq təcrübə əsasında daha da təkmilləşdirilməsi istiqamətində mühüm irəliləyiş olub. Belə ki, Almaniya, Belçika, Böyük Britaniya, Gürcüstan, Finlandiya, Rusiya və Latviyanın aparıcı akkreditasiya agentliklərinin nümayəndələri, bu sahədə tanınmış ekspertlərlə əlaqələr qurulub və gələcək əməkdaşlıq perspektivləri barədə faydalı müzakirələr edilib.
 
- Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin  bilik və bacarıqlarını 10 ballıq şkala üzrə necə qiymətləndirərdiniz? Ölkədə fəaliyyət göstərən hansı fənn müəllimlərin biliyi daha yüksək, hansı fənn müəllimlərinin biliyi daha aşağıdır?
 
- Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil alanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsil verənin formalaşdırılması hədəfi qoyulub. Göstərilən hədəfə nail olmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsi, müəllim peşəsinin nüfuzunun artırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulub. Bu istiqamətdə 2014-cü ildə Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 30 mindən çox müəllimin bilik və səriştəsinin diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmənin nəticələrinə əsasən aşağı bal toplamış müəllimlərin ehtiyacları müəyyənləşdirilərək xüsusi təlim proqramları hazırlanıb və onların ixtisasının artırılması üzrə təlimlər təşkil edilib.
 
Ölkə prezidentinin sərəncamına əsasən, 2015-ci il yanvarın 1-dən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb.
 
Prosesin ölkənin digər şəhər və rayonlarının ümumi təhsil müəssisələrində davam etdirilməsi məqsədilə 2015-ci ilin noyabr-dekabr aylarında Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. 2016-cı ilin yanvar ayından həmin rayonlarda çalışan müəllimlərin əməkhaqqı artırılıb.
 
Ötən ilin noyabr-dekabr aylarında isə ölkənin 26 rayon və şəhərində (Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan, Neftçala, Qusar, Quba, Siyəzən, Şabran, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy və Şuşa) qiymətləndirmə keçirilib. İmtahan suallarının 80 faizindən çoxuna düzgün cavab verən müəllimlər daha çox alman dili, fransız dili, kimya, tarix, coğrafiya, rus dili və ədəbiyyatı fənlərini tədris edirlər. Fənlər üzrə müəllimlərin topladığı orta bala əsasən, ən aşağı nəticələri rus bölməsində Azərbaycan dili, ləzgi dili, ərəb dili, fiziki tərbiyə və ibtidai sinif müəllimləri göstəriblər.
 
- Aparılan təhlillər nəticəsində saxta və yaxud ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlər aşkar edilibmi? Belə müəllimlərin sayı nə qədər olub və hansı tədbirlər görülüb?
 
- Qeyd olunanlarla bağlı Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq araşdırmalar aparılır. 2015-ci ilin sentyabr ayında respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkar edilib. Onlarla bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməsi yerli təhsili idarəetmə orqanlarına tapşırılıb. Eyni zamanda 2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri tərəfimizdən yoxlanılıb və 500-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib. Müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində nazirlik tərəfindən hazırlıq işləri aparılır.
 
- Bir müddət əvvəl təhsil naziri Mikayıl Cabbarov mətbuata bildirmişdi ki, Xocasən qəsəbəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti üçün müasir kampus tikiləcək. İşlər nə yerdədir? Ümumilikdə isə böyük universitetlərin Bakının mərkəzi hissələrindən köçürülməsi ilə bağlı işlər aparılırmı?
 
- Xocasən qəsəbəsinin ərazisində vahid infrastruktura malik müasir universitet şəhərciyinin tikintisi istiqamətində bir sıra işlər görülüb. Artıq universitet şəhərciyinin tikintisi üçün ərazidə topoqrafik işlər, mühəndis-geoloji şəraitinin ilkin qiymətləndirilmə tədqiqatları,  yeraltı və yerüstü qurğuların plana alınması tamamlanıb.  Bununla yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kampusunun master planının və texniki-iqtisadi əsaslandırılması, baş planın adaptasiya layihəsi, bina və qurğuların dizayn layihələndirilməsi həyata keçirilib.
 
- Ötən il Təhsil Nazirliyinin qərarı ilə regional Ərazi Maliyyə Hesablaşma mərkəzləri yaradıldı. Bu mərkəzlərin yaradılması gələcəkdə Regional Təhsil idarələrinin yaranmasına təkan verə bilərmi?
 
- Ötən ilin yanvarından təhsil sahəsində maliyyə və inzibati resursların idarə edilməsinin təkmilləşdirilməsi və mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçirilməsi məqsədilə şəhər və rayonlar üzrə nəzərdə tutulmuş təhsil xərcləri Təhsil Nazirliyinin müvafiq Ərazi Maliyyə Hesablaşma mərkəzləri vasitəsilə həyata keçirilir. Yeni mexanizmin tətbiqi ümumilikdə regionlarda yerləşən 4134 təhsil müəssisəsini, o cümlədən 3875 ümumi təhsil, 259 məktəbdənkənar təhsil müəssisəsini və həmin təhsil müəssisələrində çalışan 175 minə yaxın təhsil işçisini əhatə edir.
 
Hazırda bu istiqamətdə müvafiq tədbirlərlə Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin fəaliyyəti daha da təkmilləşdirilir.
 
- Azərbaycan prezidentinin fərmanına əsasən, Təhsil Nazirliyi tərəfindən Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələri üçün yeni qəbul qaydaları və yerləşdirmə mexanizmi hazırlanır. Burada hansı dəyişiklik və yeniliklər olacaq?
 
- Məlumat verildiyi kimi, Təhsil Nazirliyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsasən, ali təhsilə çıxış imkanlarının genişləndirilməsi üçün ölkənin ali təhsil müəssisələrində hazırlıq fakültələrinin təşkili məqsədilə Nazirlər Kabineti qarşısında təkliflə çıxış edib. Həmin təkliflər Nazirlər Kabineti tərəfindən təsdiqləndiyi təqdirdə ali təhsil müəssisələrinə tələbə qəbulunda müvafiq dəyişikliklər olacaq. Hazırlıq fakültələrinə qəbul ali təhsil müəssisələrinə tələbə qəbulunun yekun nəticələri elan olunduqdan sonra ixtisaslar üzrə boş qalan yerlərə müvafiq olaraq aparıla bilər. Təklifdə hazırlıq fakültələrinə qəbulun müəyyən olunmuş ixtisaslar üzrə boş qalan yerlərə, abituriyentlərin qəbul imtahanlarında əldə etdikləri nəticələrə əsasən, yeni müsabiqə şərtləri ilə həyata keçirilməsi nəzərdə tutulub. Bu fakültələrdə təhsilin yalnız ödənişli əsaslarla aparılması mümkündür. Burada təhsil alan tələbələrə seçdikləri ixtisas qrupu üzrə qəbul zamanı nəzərdə tutulan fənlərlə yanaşı, həmin ixtisasın tədris planına daxil olan bir sıra fənlər də öyrədilə bilər. 
 
Hazırlıq fakültələrinə qəbul ali təhsil müəssisələrinə tələbə qəbulunun yekun nəticələri elan olunduqdan sonra ixtisaslar üzrə boş qalan yerlərə müvafiq olaraq aparıla bilər
 
Tədris ilində müvəffəqiyyətlə təhsil alanlar həmin ixtisas üzrə ali təhsil müəssisəsinin birinci kursuna müsabiqədənkənar qəbul olunaraq, təhsillərini ödənişli əsaslarla davam etdirmək imkanı əldə edəcəklər. Hazırlıq fakültələrinin əsasən, özəl, eləcə də regionlarda fəaliyyət göstərən bir sıra dövlət universitetlərində yaradılması mümkündür. Bu fakültələr yaradıldığı təqdirdə bütün ixtisaslara şamil olunmayacaq. Burada məqsəd ölkədə ali təhsilə çıxış imkanlarını daha da genişləndirmək, əlçatanlığı təmin etməkdir.
 
- Həyata keçiriləcək yeniliklərdən sonra ali məktəblərə tələbə qəbulu ilə bağlı muxtariyyət verilə bilərmi? Nazir Mikayıl Cabbarov da bildirib ki, ali məktəblərə qəbul imtahanı bizim cəmiyyətin istifadə etdiyi model olsa da, yeganə istifadə edilə bilən model deyil. Bir çox dövlətdə mərkəzləşmiş qəbul imtahanı mövcud deyil  və ali təhsil almaq istəyənlər üçün məhdudiyyət yoxdur.
 
- Bəli, bir çox dövlətdə qəbul imtahanı, ümumiyyətlə, mövcud deyil. Elə  dövlətlər var ki,  ali təhsil almaq istəyən insanlar üçün məhdudiyyət yoxdur. İndiki dövrdə ali təhsil almaq istəyən insanların sayı ildən-ilə artır. İnsanlar ali təhsil almağa bilik və keyfiyyət üçün gedirsə və təhsildə biliyin qiymətləndirilməsi sistemi çalışırsa, o zaman qəbul imtahanlarının mərkəzləşdirilmiş olması zərurəti çox azdır. Əmək bazarında bilikdən daha çox diploma o cəmiyyətdə üstünlük verilir ki, burada həmin o mərkəzi qəbul imtahanının olması daha vacib və zəruridir. Bu, öz növbəsində o deməkdir ki, təhsil sistemində universitetin daxili qiymətləndirilməsində problemlər mövcuddur. İlk növbədə ali təhsil müəssisələrində bu problemin aradan qaldırılması zərurəti var.
 
Onu da qeyd edim ki, iki mərhələli seçim aparılan universitetlərdə tələbələrin qəbul edilməsində muxtariyyətin mövcudluğundan danışa bilərik. Yəni bizdə yaradıcı ixtisas ali təhsil müəssisələrində, "ADA" Universitetində, Moskva Dövlət Universitetinin, Seçenov adına Universitetin filiallarında, UFAZ-da qəbul imtahanlarında bal toplamaq kifayət etmir. Bu, zəruri, lakin kifayət etməyən şərtdir. Demək istəyirəm ki, biz artıq bu yola çıxmışıq.
 
- Təhsil naziri parlamentdə çıxışında bəzi ali məktəblərin optimallaşdırması anonsunu verib. Azərbaycanda bəzi ali məktəblərin birləşdirilməsi mümkündürmü? Əgər bu baş verəcəksə, proses hansı meyarlar əsasında aparılacaq?
 
- Optimallaşdırma ilə bağlı məqam "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da əsas xətt kimi nəzərdə tutulan məsələdir. Təhsil Nazirliyi son dörd ildə optimallaşdırma ilə bağlı sistemli fəaliyyət həyata keçirib. Məsələn, Azərbaycan Müəllimlər İnstitutunun bir neçə filialı fəaliyyətini dayandırıb və Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib.  Eləcə də orta ixtisas təhsili müəssisələrinin optimallaşdırılması gerçəkləşib, bir neçə orta ixtisas təhsili müəssisəsi ali təhsil müəssisələrinin tərkibinə qoşulub. Bundan başqa, hazırda  ilk peşə- ixtisas təhsili müəssisələrinin optimallaşdırılması həyata keçirilir. Bakı və Gəncədə fəaliyyət göstərən 32 ilk peşə-ixtisas təhsili müəssisəsi 13 regional peşə təhsil mərkəzi kimi formalaşdırılıb.
 
"Ali təhsilə bilik və keyfiyyət üçün gedilirsə, qəbul imtahanlarının mərkəzləşdirilmiş olması zərurəti azalır"
 
Optimallaşdırma keyfiyyət təminatı üçün əlavə resurslar xərcləmədən bütün imkanları səfərbər etməyə və nəticə etibarilə keyfiyyəti artırmağa xidmət edir. Ali təhsil müəssisələrinin maliyyə dayanıqlığını təmin etmək üçün gələcəkdə bu təhsil müəssisələrinin yenidən strukturlaşdırılması, ali təhsil müəssisələrinin şəbəkəsinə yenidən baxılması mümkün ola bilər. Ümumiyyətlə qeyd edim ki, ali təhsil müəssisələri öz strukturlarının optimallaşdırmasını davam etdirir, daha çevik idarəetmə mexanizmləri yaratmaqla müasir iqtisadiyyatın tələblərinə uyğun mütəxəssislər hazırlamağa çalışırlar. Ali təhsil müəssisələrimizin qarşısında duran əsas hədəf innovasiyaları genişləndirməklə Azərbaycanı regionun təhsil mərkəzinə çevirməkdir. Xarici ali məktəblərin Bakıda yaradılan filialları, birgə təsis edilən ali təhsil müəssisələri də bizim bu məqsədə çatmağımıza xidmət edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində