Çin vətəndaşı: "Azərbaycan prezidenti səhvimi bağışladı, məni ailəmə qaytardı"

17 Mart 2017 13:09

Azərbaycan prezidentinə minnətdaram ki, məni azadlığa qovuşdurdu.

Milli.Az xəbər verir ki, bunu Trend-ə prezident İlham Əliyevin sərəncamı ilə əfv olunmuş Çin vətəndaşı deyib.

O, Bakıda həmyerlisini - Çin vətəndaşını oğurlayaraq, Azərbaycan Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə 13 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

1 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Çin vətəndaşı deyib:

"Əməlimdən peşmanam. Əfv olunacağımı gözləmirdim. Azərbaycan prezidentinə minnətdaram ki, məni azadlığa qovuşdurdu. Bu, məni çox sevindirdi. Bakıda heç kimim yoxdur. 7 ildə bir-iki dəfə ailə üzvlərimlə görüşmüşəm. Onlar Çindən Bakıya cəzaçəkmə müəssisəsinə gəlib mənimlə görüşürdülər. Buradan çıxıb Çinə, ailəmin yanına qayıdacağam. Azərbaycan prezidenti çox humanist insandır ki, müraciətimə reaksiya verdi. Ailəm adından cənab prezidentə təşəkkür edirəm. Mənim səhvimi bağışladı və ailəmə qaytardı".

Qeyd edək ki, prezident İlham Əliyev martın 16-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncam 423 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 412 nəfər cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 4 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər və cərimə cəzasına məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərin cəzası müvafiq olaraq 25 və 15 il azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Həmçinin, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Əfv olunanlar arasında 40 xarici ölkə vətəndaşı da var. Onlardan 13-ü İran, 6-sı Pakistan, hərəsindən 4 nəfər olmaqla Gürcüstan, Rusiya və Nigeriya, hərəsindən 3 nəfər olmaqla Çin və Türkiyə, 2 Özbəkistan və 1 Ukrayna vətəndaşı var. Həmçinin, əfv olunanlar arasında fəallar Elvin Abdullazadə və Əbdül Əbilov da var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində