Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Şahzadəsini qəbul edib

17 Mart 2017 12:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalın V Qlobal Bakı Forumunda iştirakının əhəmiyyətini vurğulayaraq bunu ölkələrimiz arasında əməkdaşlıq və dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al-Faysal V Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Turki Al Faysal Azərbaycandakı qonaqpərvərliyin və Bakının ecazkar gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd etdi. O, İçərişəhərdə aparılan bərpa işlərinin onda böyük maraq doğurduğunu dedi.

Dövlətimizin başçısı ölkəmizdə son illər tarixi irsin qorunması və müasir arxitektura nümunələrinin yaradılması istiqamətində mühüm işlərin həyata keçirildiyini vurğuladı.

Milli.Az