Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun ikinci günü başladı - FOTO

17 Mart 2017 12:28

Bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ikinci gününə start verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ikinci gündə kişilər arasında dayaqla tullanma, dəstəli at üzərində və turnik üzərində hərəkətlər üzrə təsnifat yarışları keçiriləcək. Qadınlar isə sərbəst və tirdə hərəkətlər üzrə finala vəsiqə qazanmağa çalışacaqlar.

Azərbaycanı yarışların ikinci günündə kişilərdən Bense Talas və Murad Ağarzayev, qadınlardan isə Yuliya İnşina və Marina Nekrasova təmsil edəcəklər.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində