Hakerlərin iştahını qabardan sahə - Mobil bankçılıq

17 Mart 2017 00:00

Rusiyanın "Kasperski Laboratoriyası" mobil bankçılıq sahəsində kiberhücumların artdığı barədə məlumat yayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər 2016-cı ildə kiberhücumların təhlilini apardıqdan sonra bu qənaətə gəliblər. 
 
Analitiklər bildiriblər ki, ötən ilin nəticələrinə əsasən müştərilərin məxfi məlumatlarının oğurlanması məqsədilə törədilən kibercinayət hallarının 25 faizindən çoxu bankların payına düşüb. Mütəxəssislərin fikrincə, bank sahəsində mobil və onlayn texnologiyaların geniş yayılması kiberhücumların artımına səbəb olacaq.
 
Ötən il "Kasperski Laboratoriyası" ziyanverici mobil əlavələrin yüklənməsi ilə bağlı 128 min haker cəhdini qeydə alıb. Bu isə 2015-ci ilin göstəricilərini 1,5 dəfə üstələyir. Xüsusilə, şəxsi məlumatların ələ keçirilməsi məqsədilə həyata keçirilən haker hücumlarının 25,8 faizi  bank sektorunu əhatə edib. Bunun 11,5 faizi "Visa" və "Paypal" ödəniş sistemlərinin, 10 faizi isə "Apple Store" və "Amazon" onlayn alış-veriş mərkəzlərinin payına düşüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində