Azərbaycan və Fransa xarici işlər nazirləri arasında məktub mübadiləsi

16 Mart 2017 18:37

Azərbaycan Respublikası və Fransa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Milli.Az xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov Fransalı həmkarına ünvanladığı məktubunda ötən dövr ərzində Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, regionlarası, habelə mədəniyyət və təhsil sahələrində əməkdaşlığından məmnun olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fransaya rəsmi səfərinin ölkələrimiz arasında ən yüksək səviyyədə qarşılıqlı maraq və etimada əsaslanan siyasi dialoqun keyfiyyətindən xəbər verdiyini diqqətə çatdırıb.

İki ölkə arasında uğurlu əməkdaşlıq layihələrini qeyd edən nazir Elmar Məmmədyarov Bakı Fransız Liseyi, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında imzalanmış regionlarası əməkdaşlıq sahəsində anlaşma memorandumu kimi layihələrin dövlətlərimiz və xalqlarımız arasında dostluğun daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib.

Fransa xarici işlər naziri Jan-Mark Ero Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 ilin iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi və mədəniyyət sahələrində daimi inkişafı ilə yadda qaldığını bildirib.

Azərbaycan və Fransanın əldə etdiyi çoxlu sayda birgə nailiyyətlərdən bəhs edən nazir Jan-Mark Ero 2016-cı ildə ölkəmizdə yaradılmış Azərbaycan-Fransız Universitetinin iki ölkənin dinamik əməkdaşlığının hər bir səviyyədə canlı simvolu olduğunu qeyd edib.

Fransalı nazir həmçinin ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində vasitəçilik səylərini davam etdirəcəyini vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində