"Qlobal Bakı Forumu əhəmiyyətli platformaya çevrilib"

16 Mart 2017 17:11

"Qlobal Bakı Forumu dünyanın qarşısında duran mühüm çağırışların müzakirə edilməsi üçün əhəmiyyətli platformaya çevrilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın keçmiş prezidenti Petar Stoyanov deyib.

O qeyd edib ki, hər il keçirilən forumda dünyanın müxtəlif ölkələrinin keçmiş və indiki prezidentləri, hökumət başçıları, dünyanın nüfuzlu siyasətçiləri bir araya gəlir, fikir mübadiləsi aparır və problemlərdən çıxış yolları axtarırlar: "Belə mühüm müzakirələrin aparılması üçün bu cür platforma yaratdığına görə Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm. Bu, Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfədir. İnanıram ki, forum gələcəkdə də öz işini uğurla davam etdirəcək".

Qeyd edək ki, bu gün "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.

V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. Forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində