ABŞ-dan Rusiya kəşfiyyatının 2 məmuruna şok ittiham

18 Mart 2017 08:35

ABŞ-ın Şimali Kaliforniya məhkəməsi "Yahoo" şirkətinin 500 milyon istifadəçisinin səhifələrini "sındırmış" 4 rusiyalıya rəsmi ittiham irəli sürüb.

İKT.lent.az-ın xəbərinə görə, 4 nəfərdən 2-si Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Dmitri Dokuçayev və İqor Suşin, digərləri isə ABŞ tərəfindən axtarılan məşhur haker Aleksey Belan və digər haker Kərim Baratovdur. Maraqlıdır ki, D. Dokuçayev hazırda Rusiyada vətənə xəyanət ittihamı ilə həbsdədir.   
 
İttiham aktında bildirilir ki, bu şəxslər 2014-cü ildə "Yahoo"ya kiberhücum təşkil edərək 500 milyon akkaunta çıxış əldə ediblər. Bu məlumatlardan yararlanan hakerlər həm ABŞ, həm də Rusiya dövlət məmurlarının, eləcə də jurnalistlərin "Yahoo", "Google" və digər poçt serverlərindəki elektron ünvanlarına daxil olublar. Qurbanlar sırasında Rusiyada kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkət, Rusiya investisiya bankı, Fransa nəqliyyat şirkəti, İsveçrə bitkoin operatoru, ABŞ aviaşirkəti də var. ABŞ Ədliyyə Nazirliyi hesab edir ki, bu şirkətlərin hamısı FSB-nin maraq dairəsinə daxil imiş.   
 
Qeyd olunur ki, Dukoçayev və Suşin ABŞ federal Təhqiqatlar Bürosu (FBİ) tərəfindən axtarılan A. Belanı lazımi informasiyalarla təmin ediblər ki, bu haker FBİ-ın əlinə keçməsin. A. Belan isə sındırılan" səhifələrdən əldə olunan məlumatı qanunsuz gəlir qazanmaq üçün istifadə edib.
 
Həbs olunanlar fırıldaqçılıq, iqtisadi casusluq və kompüter sistemlərinə qanunsuz müdaxilədə ittiham olunur. Ümumilikdə ittiham aktı 14 maddədən ibarətdir. Həbs olunanlardan biri - Qazaxıstan əsilli Kərim Baratov Kanadada yaxalanıb.
 
FBİ ümid etdiyini bildirib ki, Rusiya hökuməti bu məsələdə ABŞ tərəfi ilə əməkdaşlığa gedərək ittiham olunanların ekstradisiyasına yardımçı olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində