"Müttəfiqlər arasında belə münasibətlər qəbuledilməzdir"

16 Mart 2017 08:00

"Hazırda müşahidə edilən Türkiyə-Hollandiya qarşıdurmasında emosiyalar çox böyük rol oynayır. Bununla yanaşı, yaxın müddətdə həm Hollandiyada, həm Almaniyada (çünki bundan qabaq Almaniyada da bənzər hadisələr baş vermişdi) seçkilər olacaq. Təbii ki, hakimiyyətdə olan qüvvələr də məhz bunu nəzərə alaraq müəyyən addımlar atıblar".

Bu barədə Milli.Az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Türkiyə ilə Hollandiya arasındakı münasibətlərdə yaranmış böhranı şərh edərkən deyib.

Millət vəkilinin fikrincə, müttəfiq ölkələr arasında belə şeylərin olması yolverilməzdir: "Təbii ki, bu addımlar Avropanın demokratik dəyərlərinə uyğun deyil. Lakin biz çox istərdik ki, emosional müstəvidən rasional-praqmatik müstəviyə keçsin. Çünki istər Türkiyə, istər Hollandiya, istərsə də Almaniya NATO-nun üzvləridir. Ona görə də müttəfiqlərin arasında belə münasibətlər qəbuledilməzdir".

Qeyd edək ki, martın 11-də Hollandiya Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. M.Çavuşoğlu Hollandiyada Türkiyə konstitusiyasına aprelin 16-da keçiriləcək referendumda düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi planlaşdırırdı. Daha sonra Hollandiyaya quru yolla gəlmək istəyən Türkiyənin Ailə və sosial siyasət işləri üzrə naziri Fatma Betül Sayan Kayanın da avtomobili polis tərəfindən saxlanılıb. Nazirə Rotterdam şəhərində türk icması ilə görüşdə iştirak etmək üçün ölkəyə gəlişinə icazə verilməyib.

Buna etiraz olaraq Avropanın ən müxtəlif ölkələrindən gələn türklər Rotterdam şəhərində, Türkiyənin baş konsulluğunun binasının qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər. Polis 14 min nümayişçiyə qarşı dəyənəklərdən, su şırnağından, itlərdən istifadə edib. Süvari polislər nümayişçiləri döyüblər.

Rəsmi Ankara Hollandiya hökümətindən Türkiyədən rəsmi olaraq üzrxahlıq etməsini tələb edib. Hollandiya hökuməti isə Türkiyədən üzr istəməkdən imtina edib.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində