Parisdən gözləntilər - Qarabağ ön sıradadır

15 Mart 2017 08:02

"Prezident İlham Əliyevin Fransaya səfərinin bir neçə baxımdan böyük əhəmiyyəti var".

Bu barədə Milli.Az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə prezident İlham Əliyevin Fransaya son səfərinin nəticələrini şərh edərkən deyib.

Millət vəkilinin fikrincə, səfərdə əsas prioritet məsələlərdən biri iqtisadi əlaqələrin inkişaf etdirilməsi olub: "İkitərəfli Azərbaycan-Fransa münasibətləri və bu çərçivədə iqtisadi sahədə olan əməkdaşlığın inkişafı prioritet məsələlərdəndir. Fransanın bir neçə şirkəti Azərbaycanla enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq edir. Azərbaycan bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır".

A.Mollazadə hesab edir ki, Azərbaycanın Fransadan ATƏT-in Minsk qrupunun həmsədri kimi də çox böyük gözləntiləri var: "Bizim istəyimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllidir. Bu baxımdan Azərbaycan gözləyir ki, Fransa hüququn aliliyinə dəstək olacaqdır".

Onun sözlərinə görə, Fransa prezidenti Fransua Ollandın səlahiyyət müddətinin bitməsi də bu məsələdə əhəmiyyətli rol oynamır: "Olland gedir, amma Fransa qalır. Fransa güclü dövlətçilik ənənələrinə məxsus ölkədir. Ollandın və ya digərlərinin prezident olması məsələnin mahiyyətini çox dəyişmir. Bu məsələ ilə bilavasitlə Fransanın xarici siyasət sistemi məşğul olur, olub və olacaq. Fransa yenə də münaqişənin həlli istiqamətində işlərini aparacaq. Bizim istəyimiz odur ki, Fransa problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə məşğul olsun".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində