Pendirli pidenin HAZIRLANMA QAYDASI

1 Mart 2017 07:00

Pideni təkcə kafe və ya restoranlarda yemək məcburiyyətində deyilsiniz. Çox asanlıqla evdə də bu ləziz yeməyi hazırlayıb dada bilərsiniz. Pidenin bir neçə növü var. Milli.Az lent.az-a istinadən pendirli pidenin resepti ilə tanış edir.

Ərzaqlar:
 
 - Yarım stəkanı duru yağ
 - 3 çörək qaşığı qatıq
 - 150 ml ilıq su
 - 40 qram duru maya
 - 4 stəkan un
 - 1 çay qaşığı duz
 - 1 çay qaşığı şəkər tozu
 - Ağ pendir
 - 4 orta boy baş soğan
 
Hazırlanması:
 
Əvvəlcə pendirli pidenin xəmiri hazırlanır. Dərin bir qaba un, qatıq və duru yağ tökün. İlıq suyun içərisinə mayanı əlavə edin. Maya əridikdən sonra onu da qabın içərisinə tökün. Şəkər tozu və duz da qatıb xəmiri yoğurmağa başlayın. Yaxşıca yoğurduqdan sonra üzərini örtüb mayalanmasını gözləyin.
 
İçini hazırlayarkən ağ pendir və xırda doğranmış baş soğanı əlinizlə qarışdırın. Xəmir mayalandıqdan sonra 15 bərabər hissəyə bölün. Daha sonra hər bir xəmiri pide şəklində açın.
 
Sonrakı mərhələdə içərisinə pendirli qarışımı qoyub kənarlarını üstünə bağlayın və bərk yapışdırın. Pide hazır olduqdan sonra 200 dərəcədə sobaya qoyun. Üzərləri qızarana qədər bişirin. Sobadan çıxardıqdan sonra üstündəki xəmir hissələrinə kərə yağı sürtün. Dilimləyərək süfrəyə təqdim edə bilərsiniz.
 
Nuş olsun!

Milli.Az