Mənfi təsirlərin qarşısının alınması üçün tədbirlər görülür

1 Dekabr 2016 18:23

Tarif Şurasının son qərarı diferensiallaşdırılıb və aztəminatlı ailələrə ciddi təsir göstərməyəcək. Biz parlamentdə növbəti ilin dövlət büdcəsinin layihəsini komitə səviyyəsində müzakirə etdik. Orada bəzi dəyişikliklər nəzərdə tutulur. Bu da aztəminatlı ailələrlə bağlıdır. Belə ki, qazın və elektrik enerjisinin tariflərinin qalxmasından dövlət büdəcinə 300 milyon manata yaxın əlavə vəsaitin daxil olacağı gözlənilir. Həmin vəsaitin, əsasən, aztəminatlı ailələrə yönləndirilməsi nəzərdə tutulur.

Bunu Tarif (qiymət) Şurasının ölkədə qazın və elektrik enerjisinin qiymətlərinin qaldırılması ilə bağlı qərarını Milli.Az-a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov belə deyib.

Millət vəkili qeyd edib ki, qaz və işığın, ümumilikdə enerji daşıyıclarının qiymətinin artması hər şeyə təsir edən amildir: "İndi bizi narahat edən əsas məsələ odur ki, digər məhsulların, xüsusən də ərzağın və nəqliyyatın qiyməti arta bilər. Yenə heç olmasa differensial sistemin tətbiq edilməsi ilə aztəmantlı ailələri müəyyən qədər qorumaq olar".

Amma V.Əhmədov əlavə edib ki, hazırda bu qərarın mənfi təsirlərinin qarşısının alınması üçün tədbirlər görülür: "Azərbaycanın dövlət büdcəsi həmişə, əsasən, neftdən, onun hasilatı və qiymətindən asılı olub. Amma son vaxtlar neftin qiyməti kəskin aşağı düşüb, ölkədə neft hasilatı da müəyyən qədər azalıb. Bu da dövlət büdcəsinə mənfi təsir edir. Ona görə də bunun qarşısını almaq, müəyyən qənaət mexanizmini həyata keçirmək üçün belə addımlar atılır. Buna məcburuq, başqa yolumuz da yoxdur. Çünki neftin qiyməti elə də yüksək deyil ki, oradan külli miqdarda gəlir əldə edək. Qeyri-neft sektoru isə hələ istənilən səviyyədə tam inkişaf etməyib. Bu sahədə müəyyən işlər görülsə də, hələlik bu sektordan gələn gəlirlər büdcəni qane etmir.

Biz belə hesab edirik ki, ilk növbədə, büdcədən maliyyələşən təşkilatların, o cümlədən elm adamlarının, səhiyyə və təhsil işçilərinin, eləcə də digərlərinin maaşlarında müəyyən qədər artımlar olmalıdır. Bunun hansı səviyyədə olacağını yalnız dövlət büdcəsinin müzakirəsi və qəbulundan sonra bilmək olacaq".

İlkin İzzət
Milli.Az