"Onlar qadınlıqlarını qorusunlar..."

1 Dekabr 2016 15:59

Xanımımla yenə xaricə getmək istəyirəm. Düşünürəm ki, insan həyata ikinci dəfə gələ bilməz. Anamız bizi həyata ikinci dəfə gətirə bilməz. Həyatı yaşayırıqsa, səmərəli istifadə etməyi bacarmalıyıq.

Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında Nadir Qafarzadə deyib.

Müğənni bildirib ki, xanımı əsl Azərbaycansayağı bir qadındır:

"Çox gəzən insan çox da bilir. Mən özüm üçün çox kəşflər edirəm, müdrikləşirəm. Həyat yoldaşım xaricə getməyi sevmir. Daha çox evdə olmaq istəyir. Əsl Azərbaycansayağı bir qadındır. Onun bu istəyinə qarşı çıxıram. Deyirəm ki, sən mənsiz, mən də sənsiz gəzə bilmərəm. Hərdən Bakıdan çıxmaq lazımdır".

N.Qafarzadə açıqlamasında qeyd edib ki, həyat yoldaşını qısqanmır:

"Bizim qısqanan vaxtımız deyil, 24 ildir ki, bir yerdə yaşayırıq. 17 yaşlı cavanlar kimi addım ata bilmərəm. Mənim yanımda etibar etdiyim azərbaycanlı xanım var. Uşaqlarımın anasıdır, namuslu bir qadındır. İstərdim ki, o namusu qorumayanlar da əsl Azərbaycan xanımı obrazını yarada bilsinlər. Aktrisa kimi yox, onlar qadınlıqlarını qorusunlar. Dedi-qodular münasibətimizə təsir etmir. Mənə hə, ona yox... Mənə deyir ki, niyə başqaları haqda danışmırlar? Deməli, sən insanlara lazımsan. Məni çox anlayır, ona minnətdaram".

Sənətçi bir vaxtlar küsülü olduğu xalq artisti Flora Kərimova ilə münasibətlərinin yaxşı olduğunu söyləyib:

"F.Kərimova mənəvi anamdır. Əfsanəvi bir sənətkardır, adını çəkəndə məsuliyyətim artmağa başlayır. Onun adını çəkəndə dilim topuq vurub".

Milli.Az