Boşandı və vedrədən tutmuş iynəyədək 12 il əvvəl gətirdiyi cehizlərinin pulunu istədi

1 Dekabr 2016 15:20

Ağdam Rayon Məhkəməsi boşandıqdan sonra cehiz tələbi ilə bağlı iddianı təmin edib. Məsələnin maraqlı tərəfi odur ki, cehiz manatın yeni məzənnəsinə uyğun qiymətləndirilib.

Milli.Az xəbər verir ki, bu barədə virtualaz.org saytına tərəflərdən birinin vəkili Zibeydə Zəkəriyyayeva məlumat verib.

Qadın 12 il əvvəl ailə qurarkən gətirdiyi cehizləri hesablayıb. İllərdir istifadə edilən qızıl sırğa, boyunbağı, vanna, qazan, ləyən, vedrə, asılqan, çaynik, yorğan-döşək və digərləri yeni satış qiyməti ilə hesablanıb. "Sandıq 35 manat, döşək 120 manat, yorğan 120 manat, yastıq 80 manat, qab 35 manat, qaşıqlar 25 manat, asılqan - ədədi 20 manat, döşəkcə - 6 ədəd - 30 manat, mütəkkə - 1 ədəd - 5 manat, stəkan - 12 ədəd - 6 manat, nəlbəki - 12 ədəd - 6 manat, əl məhrəbası - 4 ədəd - 16 manat və s. göstərilib.

Siyahı uzundur və ən xırda ev əşyası belə qeydə alınıb. Duzqabı, vedrə, dəmir qazan, çaynik və hətta inək də iddiada yer alıb. Məhkəmənin hökmü ilə iddiada göstərilən əşyaların dəyəri hesablanaraq qadına ödənilməsi qərara alınıb", - vəkil bildirib.

Cehiz siyahısında qız tərəfin verdiyi iddia olunan inək də yer alıb. Lakin hakim inəyin əvəzinin ödənilməsi tələbini yerinə yetirməyib. Qarşı tərəf isə apellyasiya şikayəti verib.

"Tərəflər bu il ayrılıblar, cütlüyün 2 uşağı var. Ata övladlarının ona verilməsi üçün məhkəməyə müraciət edib. Hazırda iki iddia üzrə məhkəmə gedir", - Z. Zəkəriyyayeva deyib.

Milli.Az