"Qızılgül ruhi xəstədir"- Özünü güllələyən qızın atası - YENİLƏNİB

1 Dekabr 2016 15:09

15:09

Astara rayonunda özünü güllələyən 15 yaşlı qızın atası hadisəyə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, Polad Əliyev aznews.az-a açıqlamasında qızının ruhi xəstə olduğunu deyib:

"Qızılgül xəstədir. Dəfələrlə psixoloji müalicə alıb, özü də qeydiyyatdadır. Bununla bağlı sənədləri var. Bu xəstəlik onda anadangəlmə deyil, sonradan yaranıb. Xəstə olduğu üçün məktəbdən çıxartdım".

Polad Əliyev hadisə zamanı qızının evdə tək olduğunu bildirib: 

"Ata-babadan yadigar evdə tüfəng var. Bu da evdə tək olanda qurğuşunu götürüb tüfəngə qoyub, sonra da çəkib. Mənim qızım uşaqdır. Onun məcburi kiməsə ərə veriləcəyi ilə bağlı məlumatlar yalandır. Bizim ailədə belə bir söhbət olmayıb".

----------

13:35

Astara rayonunda 15 yaşlı qız özünü güllələyib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şümrüd kəndində baş verib.

Həmin kəndin sakini, 2001-ci il təvəllüdlü Qızılgül Polad qızı Əliyeva özünə ov tüfəngi ilə atəş açıb.

Qarın nahiyəsindən güllə yarası alan Q.Əliyeva Astara Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən yaralı əməliyyat olunub:

"Güclü qanaxma ilə ağır vəziyyətdə cərrahiyyə şöbəsinə yerləşdirilən yeniyetməni bir neçə saatlıq əməliyyatdan sonra həyata qaytarmaq mümkün olub. Onun vəziyyəti hazırda keçirdiyi əməliyyata uyğun olaraq ağır-stabildir və həyatı üçün hər an təhlükə yarana bilər".

Hadisənin intihar olduğu ehtimal edilir. Kənd sakinlərinin bildirdiyinə görə, Q.Əliyeva valideynlərinin onu istədiyi oğlana verməməsi səbəbindən intihara cəhd edib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az