Mübariz Qurbanlı: "Azərbaycanın tolerantlıq modeli dünyanın 28 universitetində öyrənilir"

1 Dekabr 2016 10:58

"Bu gün Azərbaycanın tolerantlıq modeli dünyanın 28 universitetində öyrənilir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" beynəlxalq konfrans zamanı çıxışında deyib.

M.Qurbanlı bildirib ki, Qafqaz xalqlarını birləşdirən dəyər tolerantlıqdan irəli gələn dəyərdir: "Azərbaycan xalqının ənənəsində də tolerantlıq var. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasətdə tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb".

Komitə sədri vurğulayıb ki, bu gün dünyanın 40 ölkəsində münaqişələr mövcuddur: "Bu gün Azərbaycan da Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkir. Bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan didərgin düşüb. BMT, ATƏT və digər beynəlxalq təşkilatlar bu günə qədər bu problemin qarşısını ala bilməyib".

O bildirib ki, münaqişələrə qarşı ən yaxşı mübarizə fobiyaların aradan qaldırılmasıdır: "Dinlər birgə mübarizə aparmalıdır. Böyük müharibələrə yol verməmək üçün ilk növbədə kiçik münaqişələrin aradan qaldırılması lazımdır. Əminəm ki, bu konfransda söylənilən fikirlər sülhə, tolerantlığa öz töhfəsini verəcək".

Qeyd edək ki, bu gün Bakıda "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfrans keçirilir. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən tədbirdə Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav Kilsəsi və Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri, bir sıra ölkələrin səfirləri və digər şəxslər iştirak edirlər.

Tədbirdə öncə Azərbaycan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub. Sonra Azərbaycanda multikulturalizmə həsr olunmuş videoçarx nümayiş olunub.

Milli.Az