Yunanıstanda özəlləşdirmə dayandırılıb

1 Dekabr 2016 10:37

Yunanıstan hökuməti Dövlət Əmlakının İdarə edilməsi üzrə Fondu (HRADF) ləğv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Yunanıstanın maliyyə nazirinin birinci müavini Nadya Valavani bildirib.

Onun sözlərinə görə, bununla da ölkədə özəlləşdirmə prosesi yekunlaşıb.
 
Növbədənkənar parlament seçkilərindən öncəki vədlərinə sadiq qalaraq, hakim koalisiya (solçu SİRİZA və "Müstəqil yunanlar (ANEL) partiyaları) HRADF-ın prezidenti Manolis  Kondilis və baş direktoru Pasxalis Buxorisin istefasını tələb edib.
 
Seçkilərdən öncə ANEL bəyan edib ki, onun partiyası HRADF-ın ləğv olunmasının və dövlət borcunun auditinin aparılmasının tərəfdarıdır: "Biz nəinki HRADF-ı ləğv edəcəyik, hətta bütün müqavilələri də ləğv edəcəyik. Bu müqavilələr hesabına ölkə əmlakı dəyər-dəyməzə satılıb".
 
Beləliklə, SOCAR-ın Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA-nı özəlləşdirmək planları alt-üst oldu.

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alıb. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
 
DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR-ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir. Səhm paketini İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir və bununla bağlı SOCAR-la danışıqlar aparılır.

Milli.Az