Eyni koordinat, eyni məsələ, eyni vədlər...

7 Oktyabr 2016 14:21

Bakının Xətai rayon sakinlərindən biri Milli.Az-a müraciət edərək Qaçaq Nəbi küçəsindəki parkın bərbad vəziyyətdə olduğunu və hələ iki il əvvəl Xətai Rayon İcra Hakimiyyəti tərəfindən söz verilməsinə baxmayaraq, problemin həlli ilə bağlı heç bir iş görülmədiyini bildirib:

"2014-cü ildə sizə məktub yazaraq Bakının Xətai rayonunun Qaçaq Nəbi küçəsində (34 saylı Polis Bölməsinin arxası, 287 saylı "Zəkalar" liseyinin yanında) yerləşən yarımçıq qalmış, bərbad vəziyyətdə olan park haqqında məktub göndərmişdim. Bildirmək istəyirəm ki, həmin park yenə də eyni ilə bərbad vəziyyətdə qalmaqda davam edir.

Baxmayaraq ki, Xətai Rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirilmişdir ki, həmin parkın əsaslı təmir olunması planda var və həmin ilin ikinci yarısından parkda təmir işlərinə başlanacaq, lakin Xətai Rayon İcra Hakimiyyəti tərəfindən heç bir tədbir görülməmişdir".

Bakıda belə parklar da var - FOTO



Məsələ ilə bağlı Milli.Az yenidən Xətai Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyətindən yenidən parkın təmir ediləcəyinə vəd veriblər. Qurumun baş məsləhətçisi Rauf İbrahimov Milli.Az-a bildirib ki, imkan olan kimi həllini tapacaq: "Məsələ həll olunacaq. Hər halda məsul şəxslər bununla maraqlanırlar və bunu aidiyyatı qurumlara da bildirirlər. Narahat olmayın. Bu aralar iş bir az çoxdur. Normal vaxt həll olunacaq".

Baş məsləhətçi vəd verilməsinə baxmayaraq, problemin niyə iki il ərzində həll olunmamasının səbəbini izah edə bilməsə də, onun icra başçısının nəzarətində olduğunu bildirib: "Hər halda hal-hazırda rayonda icra başçısı o işlə bağlı hər şeyi nəzarətdə saxlayır. İcra başçısının özü məsləhət bildiyi vaxtda problem həll olunacaq".

İlkin İzzət

Milli.Az