Hakimlərin qərarına soyunaraq etiraz edən məşqçilər cəzalandırılıb - VİDEO

22 Sentyabr 2016 17:07

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında öz güləşçisinin məğlubiyyətinə soyunaraq etiraz edən monqolustanlı məşqçilər Tserenbatar Tsoqbayar Byambarinçen Bayara 3 il müddətinə diskvalifikasiya ediliblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi (UWW) qərar qəbul edib.

Cəzaya səbəb olan olay sərbəst güləşçilərin 65 kq çəki dərəcəsində Mandaxnaran Qanzoriginin özbəkistanlı İxtiyor Novruzovla keçirdiyi bürünc medal görüşündə baş verib. Monqolustanlı pəhləvan 7:6 hesabı ilə öndə olduğu vaxt - sona 18 saniyə qalmış məşqçilərdən biri ilə xalçanın kənarında qələbəni qeyd edib. Hakimlər bu hərəkəti yarışdan imtina kimi dəyərləndirərək, Novruzova 1 xal veriblər. Nəticədə xallar bərabərləşib. Lakin sonuncu xalı qazandığı üçün özbəkistanlı güləşçi qalib elan olunub. Buna etiraz edən Tsoqbayar və Bayara xalça üzərinə qaçaraq, hakimlər önündə soyunmağa başlayıblar.

UWW hər iki məşqçini 2019-cu ilin avqustunadək bütün yarışlardan kənarlaşdırıb, Monqolustan Güləş Federasiyası isə 50 min İsveçrə frankı (təqribən 83 min manat) məbləğində cərimələnib.
Qeyd edək ki, qalmaqallı görüşün xalça hakimi azərbaycanlı Hicran Şərifov olub. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Hakimlərin qərarına soyunaraq etiraz edən məşqçilər cəzalandırılıb