Bakıda sərgilər keçiriləcək

18 May 2016 13:35

19-21 may tarixində Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2016" və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2016" sərgiləri keçiriləcək. Keçirildiyi illər ərzində hər iki sərgi özünü mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olmuşdur.

Milli.Az bildirir ki, uzun illərdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "WorldFood Azerbaijan" və "CaspianAgro" sərgilərinə yaxından dəstək göstərir. Sərgilər həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Tədbirlərin təşkilatçısı qismində "Iteca Caspian" və "CEO" ("Caspian Event Organisers") şirkətləri çıxış edirlər.

Bu il "WorldFood Azerbaijan" və "CaspianAgro" sərgilərində dünyanın 34 ölkəsini təmsil edən 313 şirkət iştirak edir və bu ölkələr arasında Azərbaycan, Belarus, Almaniya, Hindistan, İspaniya, İtaliya, Qazaxıstan, Litva, Niderland, BƏƏ, Rusiya, Çexiya və digər ölkələr var. Sərgilər Bakı Ekspo Mərkəzində və onun açıq sahəsində təşkil olunmuşdur.

"WorlFood Azerbaijan 2016"

Bu il "WorlFood Azerbaijan 2016" sərgisində Azərbaycan, Almaniya, Belarus, BƏƏ, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Litva, Rusiya, Çexiya və digər ölkələr iştirak edəcək. Bu il sərgidə Türkiyənin 20-dən artıq şirkəti iştirak edəcək. Xalis seylon çayının istehsalçıları olan şirkətlər qrupunun rəhbəri - Şri-Lanka Dövlət Çay Komitəsi ("Sri-Lanka Tea Board") builki sərgidə iştirak edir. Bütün sərgi eksponentlərin 25%-ni təşkil edən yerli istehsalçı və distribyutorlar da sərgidə böyük fəallıq göstərirlər. Onların arasında Azərbaycanın qida sənayesi üzrə aparıcı şirkətləri - sərginin daimi iştirakçıları olan "Azersun Holding", "Atena", "Caspian Construction Systems", "Gilan Holding", "Metak", eləcə də bu il sərgidə debüt edən "Amoris", "Buta Group" və "Modern Group" şirkətləri yer alır. Şirkətlər konservləşdirilmiş məhsullar, süd məmulatları, baqqaliyyə məhsulları, şirniyyat məmulatları, içkilər, soyuducu sistemlər və bir sıra digər sahələr üzrə məhsulları təqdim edir. Sərginin builki fərqləndirici cəhəti yerli bazarda ilk dəfə təmsil olunan Azərbaycan şirkəti tərəfindən meyvə-tərəvəz məhsullarının geniş çeşidinin təqdim olunmasıdır. Sərginin işgüzar proqramı çərçivəsində 21 may tarixində "Keyfiyyət Assosiasiyası" İctimai Birliyi tərəfindən "Ərzaq təhlükəsizliyinin beynəlxalq standartları" mövzusuna həsr olunmuş seminar keçiriləcək.

"WorldFood Azerbaijan" sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya "Ipack Caspian 2016" sərgisi keçirilir. Sevindirici haldır ki, ötən il keçirilən sərgi ilə müqayisədə, bu il iştirakçıların, eləcə də təklif olunan məhsul çeşidlərinin sayı xeyli artmışdır, belə ki, bu il Azərbaycan, BƏƏ, Rusiya, Türkiyə və Ukraynanı təmsil edən iştirakçılar sənayenin müxtəlif sahələri üçün qablaşdırma məhsullarının istehsalı və formalaşdırılması üçün avadanlıqlar, habelə etiketləmə avadanlıqları, qablaşdırma materialları, tara və hazır qablaşdırma məhsullarını təqdim edir.

"CaspianAgro 2016"

Bu il öz 10 illik yubileyini qeyd edən "CaspianAgro 2016" sərgisi keçirildiyi illər ərzində mütəxəssislərin illik görüş yeri olmaqla yanaşı, kənd təsərrüfatı üzrə texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi baxımından da etibarlı platforma olduğunu bir daha sübut etmişdir.

Kənd təsərrüfatı sektoru daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir və artıq ardıcıl olaraq bir neçə ildir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərgini ziyarət edərək istehsalçı və distribyutorların Azərbaycan bazarı üçün təklif etdikləri yeniliklərlə yaxından tanış olur. Azərbaycan Respublikasının prezidenti "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət proqramı"nın həyata keçirilməsinin ikinci ilinə həsr edilmiş konfransdakı nitqi zamanı qeyd etmişdir ki: Kənd təsərrüfatı bizim üçün qeyri-neft sektoru üzrə ixracı, ərzaq təhlükəsizliyini, eləcə də insanları işlə təmin edən bir sahədir və buna görə də, ötən il "Kənd təsərrüfatı ili" elan olunmuşdu. Lakin 2016-cı ili də "Kənd təsərrüfatı ili" hesab edin. Əslində, hər il "Kənd təsərrüfatı ili" olmalıdır."

Uzun illərdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "CaspianAgro" sərgisinə yaxından dəstək göstərir və sərginin işində fəal iştirak edir. Hər il Bakıda keçirilən sərgini xarici sənaye strukturlarının yüksək nümayəndələri ziyarət edir. Bu baxımdan, 2016-cı il də istisna olmayacaq. Sərgidə Belarus Respublikasının Baş Nazirinin müavini cənab Mixayıl Rusıy, Gürcüstanın kənd təsərrüfatı naziri cənab Otar Daneliya, Niderland Krallığının senatoru və xüsusi elçisi cənab Rene Van der Linden, Türkmənistan Respublikasının Kənd və Su Təsərrüfatı Nazirliyinin nümayəndəsi cənab Kərim Saparov və bir sıra digər qonaqların iştirak edəcəklər.

Yubiley "CaspianAgro 2016" sərgisi İordaniya, İspaniya, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrdən kənd təsərrüfatı üzrə məhsul və avadanlıqların istehsalçıları və distribyutorları bir araya toplayıb. Sərgidə üç ölkə - Gürcüstan, Niderland Krallığı və İndoneziya öz milli pavilyonları ilə təmsil olunacaqlar. Bu il kənd təsərrüfatı sektorunun müxtəlif sahələri üzrə məhsulların geniş çeşidlərini təqdim edən İtalyan şirkətləri böyük fəallıq göstərirlər. İştirakçıların 30%-i daha əvvəl sərgidə iştirak etməmiş şirkətlərdən ibarətdir. Sevindirici haldır ki, bu şirkətlərin yarısını ölkənin kənd təsərrüfatı bazarının inkişafı istiqamətində ilk addımlarını atan və öz məhsullarını ixrac etmək məqsədi ilə sərgidə özünə tərəfdaş axtaran yerli istehsalçılar təşkil edir. "CaspianAgro 2016" sərgisinin qeydiyyat üzrə sponsoru "Grand Motors" (Azərbaycan) şirkətidir.

Ümumilikdə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edir və  bir sıra yeniliklərlə tanış olmaq üçün ideal imkan yaradır. Bu yeniliklərə quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası  və s. daxildir. Təqdirəlayiq haldır ki, bu sektorlarda xarici istehsalçılarla yanaşı, Azərbaycan şirkətləri də iştirak edirlər. Kənd təsərrüfatı texnikasına həsr olunmuş ekspozisiya Bakı Ekspo Mərkəzinin həm daxilində, həm də açıq sahəsində quraşdırılmış platformalarda təşkil olunacaq. Ziyarətçilər burada Gəncə Avtomobil Zavodu, "Azertexnika", "Klever", "Rostselmaş", "Qomselmaş", "Aztexnika", "Cansa", "NewHolland", "MaschioGaspardo", "Horsche", "John Deer", "Shakalak" və digər istehsalçı və distribyutorların təqdim etdikləri müxtəlif məhsul toplayan / yer şumlayan texnikanı, eləcə də əkin maşınları və kombaynları görə biləcəklər.

Builki sərginin fərqləndirici cəhətlərindən biri də "Elektron kənd təsərrüfatı" və "Laboratoriya avadanlıqları" adlı iki tamamilə yeni sektor daxil edilməsidir, belə ki, "Elektron kənd təsərrüfatı" sektoru çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi öz stendində ölkədə kənd təsərrüfatının ümumi monitorinqini, o cümlədən səmərəliliyin təhlilini aparmağa imkan verən elektron sistemi nümayiş etdirəcək. "Laboratoriya avadanlıqları" sektorunda isə digər avadanlıqlarla yanaşı, mikroskop və aparatlar, habelə məhsuldarlığı artırmaq və kənd təsərrüfatı məhsullarını müntəzəm qaydada araşdırmaq (məs.: bitkinin çəkisini, zərərli maddələrə yoluxma dərəcəsini, habelə tərkibindəki nəmliyin faizini və s. öyrənmək) üçün istifadə olunan laboratoriya cihazları və qurğular təqdim olunacaq.

Regionun yeganə ixtisaslaşmış sərgisində iştirak etməklə yanaşı, tədbiri ziyarət etmək də kənd təsərrüfatı ilə məşğul olan bütün şirkətlər üçün mühüm əhəmiyyət kəsb edir. Ənənəvi olaraq, hər il "CaspianAgro" sərgisində Azərbaycan sahibkarlarını yüksək keyfiyyətli məhsul istehsalının dəyişməz şərti olan yeni texnologiya ilə tanış etmək və təcrübə mübadiləsi aparmaq məqsədi ilə respublikanın bölgələrindən işgüzar turlar təşkil olunur. Bu il Azərbaycanın 22 bölgəsini - Bərdə, Beyləqan, Qəbələ, Hacıqabul, Qobustan, Quba, Gəncə, Cəlilabad, Yevlax, Zaqatala, İsmayıllı, Kürdəmir, Lənkəran, Sabirabad, Salyan, Siyəzən, Şəmkir, Şabran, Şəki, Fizuli, Xaçmaz və Ucar rayonlarını təmsil edən sahibkar və fermerlər sərgini ziyarət edəcəklər.

"CaspianAgro" sərgisinin 10 illik yubileyi ilə əlaqədar təşkilatçılar tərəfindən əlavə tədbirlərdən ibarət maraqlı yubiley proqramı planlaşdırılıb. Belə ki, may ayının 10-da Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Mərkəzi Nəbatat Bağında tədbir keçirilib. 10-cu Yubiley Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı "CaspianAgro" sərgisinin iştirakçıları Mərkəzi Nəbatat Bağının əvvəlcədən ayrılmış guşəsində Ümummilli liderin xatirəsini yad etmək üçün (xüsusi seçilmiş) "Qarabağ" sortlu pambıq əkdilər. Pambıq hər zaman Azərbaycan kənd təsərrüfatı mədəniyyətinin əsas sahələrindən biri olmuşdur. Vaxtı ilə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda pambıq istehsalı bir milyon tona çatdırılmışdı (Heydər Əliyev 1969-cu ildə ölkəyə rəhbərlik etməyə başlayarkən, il ərzində təxminən 100-200 min ton pambıq istehsal olunurdu). Növbəti illərdə isə pambıq istehsalı bir milyon tona qədər artırılmışdı və hər il orta hesabla 800-900 min ton pambıq istehsal olunurdu. Beləliklə, yubiley sərgilərin iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, bir daha ictimaiyyətin diqqətini ölkədə pambıq istehsalının dirçəlişinə yönəltdilər. Tədbirlərdə əsasən sərgilərin daimi iştirakçıları olan eksponentlərlə yanaşı, sərgilərin təşkilatçıları və KİV nümayəndələri iştirak edirdilər. Sərginin iştirakçılarından biri - "Yağmur 2" şirkəti pambığın əkildiyi guşə üçün suvarma sistemi quraşdırdı.

Həmçinin, sərginin yubileyi münasibəti ilə bütün ziyarətçilər üçün üzüm şirəsinin çəkilməsi üzrə əyləncəli müsabiqə təşkil olunacaq. Arzu edən hər kəsin iştirak edə biləcəyi və iki komanda arasında yarışdan ibarət olan bu müsabiqədə "İnadkarın ram edilməsi" adlı italyan filminin məşhur səhnəsi təkrarlanır. Müsabiqədən sonra hər bir komanda çəkdiyi şirəni özü ilə götürə bilər.

Beləliklə, "WorldFood Azerbaijan" və "CaspianAgro" sərgiləri bir daha aqrar sənaye kompleksinin mütəxəssisləri üçün görüş yerinə çevriləcəkdir. Həmçinin, sərgidə kənd təsərrüfatı üzrə yeniliklər, işgüzar əlaqələr, kənd təsərrüfatı sahəsinin yeni inkişaf mərhələsinə cəlb olunmuş dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər və xarici həmkarların təcrübəsi qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətədavamlı olmasına və investisiya həcminin artmasına kömək edəcəkdir.

Milli.Az