İşləyən insanlar həmişə uzun müddəti əhatə edən tətil günləri arzulayırlar. Tətilin müddəti çox olduqda isə sonradan işə uyğunlaşma ilə bağlı çətinliklər yaşanmağa başlayır. Mart ayında ölkəmizdə Novruz bayramı ilə bağlı 9 günlük tətil oldu və artıq hər kəs iş başındadır. Lakin tətildən dönən bir çox insanlar işə uyğunlaşa bilmirlər. "Nə isə işə uyğunlaşa bilmirəm", "İşləməyə nədənsə həvəsim yoxdur" deyən işçilər çox olur. Psixoloq Elnur Rüstəmov qəzetimizə açıqlamasında bildirdi ki, işə uyğunlaşa bilməyənlər tətili səmərəli dəyərləndirməyənlərdir: "Hər bir insan tətillə bağlı öncədən müəyyən planlar qurur. Kimi gəzməyə çıxır, kimi elmi işlə məşğul olur, kimi də yarımçıq qalan işlərini görməyi planlaşdırır. Tətildən səmərəli istifadə edə bilməyənlər işə uyğunlaşmaqda narahatlıq yaşayırlar. Nəticədə o insanlarda işə adaptasiya prosesi çətinlik yaradır, yaxud yarımçıq qalan işləri var deyə narahatdırlar. Tətil müddətində hətta səbrsizliklə işin başlamasını gözləyənlər də var idi. Çünki məşğul olacaqları bir iş yox idi və onların həyatını yalnız iş maraqlı edirdi. Ona görə də həvəslə iş gününün başlamasını gözləyirdilər və bu da adaptasiya çətinlikləri yaradır".Psixoloq: "Bu, bir neçə gün davam edən prosesdir"