Səhiyyə Nazirliyi Zaur Baxşəliyevi qanunsuz hərəkətdə suçladı

20 Oktyabr 2014 17:15
"Məni yarımdan soruş" verilişindəki dərman reklamına görə rəsmi icazə alınmayıb"
ATV telekanalında efirə gedən "Məni yarımdan soruş" verilişində narazılığa səbəb olan nüans meydana çıxıb. Belə ki, aparıcı Zaur Baxşəliyev verilişin reklamalara ayrılan hissəsində cinsi potensiyanı artıran dərman preparatını reklam edir. Aparıcı tamaşaçıları əmin etməyə çalışır ki, bu, "əla vasitədir".

Maraqlıdır, "Spermagen" adlı sözügedən dərman preparatının reklamına icazəni kim verib?

Məsələylə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli modern.az-a açıqlama verib. O bildirib ki, nazirlik ATV-də efirə çıxan "Məni yarımdan soruş" verilişində "Spermagen" pereparatının reklamına icazə verməyib. Və ümumiyyətlə, buna görə veriliş rəhbərliyi icazə almaq üçün nazirliyə müraciət etməyib.

"Səhiyyə Nazirliyinin razılığı olmadan hansısa dərman pereparatının reklamı qeyri-qanunidir. Həmçinin mütləq bilinməlidir ki, reklam olunan məhsul dərman vasitəsidir, yoxsa qida əlavəsi. Sözügedən preparatın reklamı isə bizim tərəfimizdən qeyri-qanuni sayılır".

Milli.Az