Politoloq Elman Nəsirov: "Bu müqavilədə hər bir sözün öz mənası var"
18 Dekabr 2010 03:04
Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə"ni "Media forum"a şərh edib.
Avqust ayında prezidentlər İlham Əliyev və Abdulla Gülün Bakıda imzaladığı müqavilə "Hərbi-siyasi və təhlükəsizlik məsələləri", "Hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri", "İqtisadi əməkdaşlıq məsələləri", "Humanitar məsələlər", "Ümumi və yekun müddəalar" bölmələrindən, bütövlükdə 23 maddədən ibarətdir. Sənəd dekabrın 21-də Milli Məclisin təsdiqinə çıxarılacaq. Dekabrın 15-də "Media forum" saytı müqavilənin mətnini ictimaiyyətə açıqlayıb.
Politoloqun fikrincə, müqavilə çox vacib və zəruri sənəddir: "İki dövlət arasında hansı sahə üzrə problem varsa, sənəddə onun həllinə çağırış yer alır. Bəli, hələ də dövlətlər arasında həllini gözləyən məsələlər qalır. Əsas odur ki, bu problemlər siyasi, strateji məzmunlu deyil, iki dövlətin milli maraqlarına toxunan məsələləri ehtiva eləmir. İki dövlətin maraqları üst-üstə düşür və buna əyani sübut hər iki ölkənin Dağlıq Qarabağ münaqişəsinə olan münasibəti, Türkiyənin bu günə kimi yeritdiyi siyasətidir. Hesab edirəm ki, bu müqavilə həmin siyasəti daha dolğun şəkildə həyata keçirmək üçün çox əhəmiyyətli hüquqi baza yaradır.
Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafına xidmət edə biləcək hüquqi normativ baza var. Müqavilədə də qeyd olunduğu kimi, əvvəlki sənədlər - 1994-cü il fevralın 9-da imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə" və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqda Protokol" baza rolunu oynayıb. 1921-ci ildə imzalanmış Qars müqaviləsinin preambulada göstərilməsi də çox vacib məsələdir. Qars müqaviləsinə istinad olunması çox böyük məzmun və əhəmiyyət kəsb edir. Bu müqavilə bir daha təsdiq edir ki, əgər Naxçıvan Muxtar Respublikasına qarşı üçüncü bir dövlətin hərbi-siyasi təzyiqi baş verərsə, təkcə Azərbaycan deyil, Türkiyə Respublikası da bütün lazımi üsullardan istifadə edəcək".
Müqavilədəki maddələri şərh edən politoloq ən əvvəl əks olunan sahələrin sıralanmasının əhəmiyyət kəsb etdiyini deyib: "Əvvəlki müqavilələrdə və sənədlərdə hərbi-siyasi və təhlükəsizlik məsələləri ön planda göstərilməyib. Daha çox siyasi, iqtisadi, hümanitar, mədəni, səhiyyə və digər sahələrlə əlaqələr öndə olub. Bu müqavilənin bir əhəmiyyəti ondadır ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı söhbətlər və proseslər gedən zamanda Türkiyənin Azərbaycanla bağladığı müqavilədə hərbi-siyasi və təhlükəsizlik məsələləri önə çəkilir".
Müqavilədə hərbi-siyasi və təhlükəsizlik məsələlərinin qabardırılmasın xüsusi əhəmiyyət kəsb etdiyini deyən Elman Nəsirov sənədin 1-ci maddəsində Türkiyə və Azərbaycan dövlətlərinin müstəqilliyinin, ərazi bütövlüyünün, toxunulmazlığının təmin olunmasında və qorunmasında sıx əməkdaşlıq edəcəklərinin vurğulanmasını önə çəkib: "Müstəqilliyə, suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına qarşı təhdidlər və təhlükə olduğu təqdirdə qarşılıqlı yardımların göstərilməsi öhdəliyi və eyni zamanda onun forma və həcminin müəyyənləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.
Bu müqavilədə hər bir sözün öz mənası var. 1-ci maddədə qeyd olunur ki, tərəflər təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirə salınmadan məsləhətləşmələr aparacaqlar. "Təxirə salınmadan" ifadəsinə fikir vermək lazımdır. Yəni bu prosesdə gözləmə mövqeyi tutmaq, yerində dayanmaq olmaz, zamanın çox mühüm əhəmiyyəti var.
Sənəddə hərbi sahədə əməkdaşlığın konkret istiqamətləri öz əksini tapıb. Məsələn, mənim diqqətimi cəlb edən odur ki, tərəflər birgə hərbi təlimlərin və müdafiə hazırlığı üzrə tədbirlərin keçirilməsi, müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı, silahlı qüvvələr üçün mütəxəssislərin hazırlanması kimi məsələlərdə razılığa gəliblər.
Ən maraqlı nüans müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı ilə bağlı məsələdir. Bu gün Türkiyə hərbi potensial baxımından NATO-da ABŞ-dan sonra ikinci ölkə hesab olunur. Belə bir məsələnin müqaviləyə salınması o deməkdir ki, Azərbaycanın müdafiə qabiliyyətinin güclənməsi üçün birgə zavodların tikintisi, birgə istehsalın təşkili, yaxud hansısa lisenziyaların Azərbaycana verilməsi mümkün ola bilər.
Türkiyə 1980-ci illərdə ABŞ-dan "F-16" qırıcı təyyarələrin lisenziyasını aldı. Bu təyyarələrin istehsalı Türkiyədə başladı və bütün Yaxın Şərq ölkələri, xüsusilə də İran körfəzi ölkələri "F-16"ları Türkiyədən aldılar. Türkiyə bu sahədə təcrübəsini Azərbaycanla bölüşə bilər və özünün istehsal etdiyi bir sıra hərbi təyinatlı məhsulların lisenziyasını Azərbaycana verə bilər. Mən bunu vacib məsələ kimi qeyd etmək istəyirəm".
Türkiyə və Azərbaycan arasındakı ənənəvi əməkdaşlıq sahələrinə gəlincə, politoloq deyib: "Biz bilirik ki, Türkiyənin uğurlarından biri də xarici ticarətlə bağlıdır. Türkiyə "Böyük 20-lik"də 17-ci yerdədir, Avropa ölkələri arasında isə 6-cı iqtisadi potensialı olan dövlət hesab olunur. Türkiyənin 2010-cu ildə xarici ticarət dövriyyəsi 250 milyard dolları ötüb. Belə bir güclü iqtisadi potensialı olan qardaş ölkə ilə əlaqələrin genişləndirilməsi yeni perspektivlər açır.
Müqavilədə ayrı-ayrı məsələlərlə bağlı tədbirlər görülməsi öhdəliyi yer alır. Həqiqətən də bu gün elə hallar var ki, bununla bağlı hər iki ölkədə müəyyən işlər görülməliridr. Misal üçün, 18-ci maddədə qeyd olunur ki, bir tərəfin vətəndaşının digər tərəfin ölkəsində yaşaması, daşınmaz əmlak əldə etməsi, əmək fəaliyyəti ilə məşğul olması və sosial müdafiəsinin təmin olunması üçün tədbirlər görəcəklər. Bu gün Türkiyə qanunvericiliyi xarici ölkə vətəndaşının orada daşınmaz əmlak almasına icazə vermir. 18-ci maddə həmin qadağanı aradan qaldırılması anlamına gəlmir. Sadəcə qeyd olunur ki, bu istiqamətdə tədbirlər görüləcək. Yəni Azərbaycan və Türkiyə hökumət orqanları arasında bu istiqamətdə danışıqlar getməli, fikir mübadiləsi aparılmalı və tutaq ki, daşınmaz əmlakın alınması ilə bağlı addımın atılmasının hər iki tərəfin marağına xidmət etdiyi sübuta yetirilməlidir".
Müqavilədə viza məsələsinə də toxunulduğunu nəzərə çatdıran Elman Nəsirov deyib: "Sənəddə hər iki ölkə vətəndaşlarının gediş-gəlişinin daha da sadələşdirilməsi məsələsinin öz əksini tapıb. Bu istiqamətdə işlər gedir. Prinsipcə Türkiyə tərəfdə problem qalmayıb. Bu məsələdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, məsələ həllini tapıb. Artıq bu işə yaşıl işıq yandırılıb. Sadəcə, texniki məsələlər qalıb. Texniki məsələlərin detalları açıqlanmır. Texniki məsələlər Türkiyə ilə münasibətdə siyasi məqsəd kəsb edə bilməz.
Misal üçün, Rusiya İrana raket kompleksləri satmaq haqqında müqavilə imzalayıb, lakin onu reallaşdırmır. Rusiyadan soruşanda rəsmilər "texniki məsələlər qalıb" deyirdilər. Amma aydın idi ki, məsələ sırf siyasidir. Azərbaycan və Türkiyənin münasibətləri isə elədir ki, haqqında danışdığımız müqavilə də bunu bir daha təsdiq edir, texniki məsələ deyilirsə, burada heç bir siyasi don axtarmamalıyıq. Fikrimcə, bu müqavilə parlamentdə ratifikasiya olunduqdan sonra viza məsələsində texniki problemlər də ortadan qalxacaq".
Bəzi politoloq və ekspertlərin "Türkiyə nə üçün Azərbaycanla strateji müttəfiqlik müqaviləsi bağlamır" fikrinə də münasibət bildirən politoloq bu məsələnin hər iki dövlətin istəklərinin fövqündə dayandığını bildirib: "Burada incə məsələ var. Türkiyə 1952-ci ildən NATO ölkəsidir və 28 dövlətindən biridir. Türkiyə NATO ölkəsi olduğundan, təbii ki, onun nizamnaməsini də qəbul edib. Nizamnamənin məşhur 5-ci maddəsi var. Orada qeyd olunur ki, NATO ölkələrindən birinə olan təcavüz digər ölkələrə təcavüz kimi dəyərləndirilir və bundan irəli gələn adekvat addımlar atılır. Yəni təcavüzə məruz qalan NATO ölkəsinə bütün digər 27 NATO ölkəsi hərbi dəstək verməlidir.
Belə vəziyyətdə Türkiyə Azərbaycanla strateji müttəfiqlik müqaviləsi imzalayarsa, avtomatik olaraq Azərbaycana qarşı müharibəyə müdaxilə etməlidir. Ermənistanla müharibə vəziyyəti yaranarsa, Türkiyə müharibəyə qoşulmalıdr. Bildiyimiz kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Müharibə olarsa, bu üzvlükdən istifadə edərək Ermənistan da həmin təşkilatın üzvlərini müharibəyə cəlb edə bilər. Bu isə dünya müharibəsi deməkdir.
Mənə elə gəlir ki, ən yaxşı model ABŞ-İsrail modelidir. Bu ölkələr arasında da strateji müttəfiqlik müqaviləsi yoxdur. İsrail NATO-nun üzvü də deyil. Amma ABŞ öz maraqlarından çıxış edərək İsrailə istənilən dərəcədə dəstək verir. Türkiyə Azərbaycana xüsusi reklam eləmədən də dəstək verə bilər".
Milli.Az