Azərbaycanda hamilə qadın öldü
1 Avqust 2014 13:27
Göyçayda hamilə qadın dünyasını dəyişib. Anspress-in məlumatına görə, Göyçay sakini, 30 yaşlı Xəyalə Etibar qızı Həsənova hamiləliyinin 8-ci ayında ölüb.
Belə ki, qadın hamiləliyin 8-ci ayında Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəxananın baş həkiminin müavini Ləman Hacıyevanın anspress-ə verdiyi məlumata görə, qadın ağır vəziyyətdə xəstəxanaya daxil olub. Lakin onun vəziyyəti getdikcə ağırlaşdığından dərhal Bakıya, Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb.
İyul ayının 29-dan 30-na keçən gecə Bakıya gətirilən Xəyalə Həsənova Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Şöbə müdiri Yusif Səfərovun anspress-ə verdiyi məlumata görə, qadın xəstəxanaya daxil olan zaman həddindən artıq pis halda olub. Ona beyin qansızması diaqnozu qoyulub.
"Xəyalədə anadangəlmə beyin-damar patologiyası olub. Xəstə daxil olanda ölüm vəziyyətində idi. Həkimlərimiz əllərindən gələni etsələr də, onun həyatını xilas etmək mümkün olmadı", - deyə Yusif Səfərov bildirib.
Qeyd edək ki, X.Həsənova iki uşaq anası olub.
Milli.Az